Böyük dövlətlərin kiçik dövlət yaratmaq arzusu

Böyük dövlətlərin kiçik dövlət yaratmaq arzusu backend

Kiçik ölkə olmasına baxmayaraq dünyanın ən nəhəng dövlətlərinin diqqətində olan Suriyanın federallaşması üzərində danışıqlar gedir. Danışıqların əsas qayəsi bu ölkə üzərindən regionda söz sahibi olmaq, bütün bölgəni əhatə edən Kürd dövləti yaratmaqdır. Aydın məsələdir ki, Suriyada ən böyük etnik qruplardan biri kürdlərdir. Kürdlərin isə uzun illərdir ki, dövlət yaratmaq arzusu var. İraq və Suriyanın Türkiyə ilə sərhədlərinə nəzər saldıqda sərhəd boyu ərazilərin kürdlərin nəzarəti altında olduğunu görmək olar. Masa arxasında yer alan diplomatlar isə ABŞ və Rusiyadır. Türkiyə kimi güclü hərbi bazası olan bir dövlətin qarşısında PKK PYD kimi qruplaşmalar nə qədər cılız görsənsələr də onları terrorçu xəstəliyi qonşumuza əməlli-başlı başağrısı olub. İllərdəir kürdlərin müstəqil ölkə yaratmaq sevdaları isə son vaxtlar yenə gündəmə gəlib Putnin Bəşər Əsədlə köhnə dostluğu və gizli planları okeanın o tayını o qədər narahat edib ki, artıq ABŞ da hərəkətə keçib. Türkiyənin ən sərt reaksiyalarına baxmayaraq, ABŞ Suriyada PYD ilə əlaqələrini genişləndirir.

Rəsmi Ankara Vaşinqtona birgə Rakka əməliyyatı təklif etsə də, sonuncunun cavabı müsbət olmadı. Görünür, Ağ Evin Suriyada PYD ilə bağlı başqa planları var…

Türkiyə mətbuatında yayılan məlumatlara görə, ötən ilin noyabrından Suriya və İraqda yeni dəhlizin yaradılmasına başlanılıb. PYD-YPG qüvvələri ilə qurudan hərbi əməliyyata başlayan ABŞ Süleymaniyyədən başlayaraq Kərkük də daxil olmaqla Afrin bölgəsinə qədər uzanacaq yeni enerji dəhlizin xəritəsini çəkib. Türkiyə ilə sərhəddən 90 kilometr məsafədə uzanan dəhlizin yaradılması ilə ABŞ Türkiyənin müdaxiləsini də məhdudlaşdırmış olacaq.


Mosulun İŞİD tərəfindən işğalından sonra Bağdadla əməkdaşlıq edən rəsmi Vaşinqton PYD qüvvələrini Kərkük ətrafına yerləşdirib. Ayrıca, İraq-Suriya sərhədindəki Şenqal bölgəsi də PKK silahlılarına təhvil verilib. Bu yolla Türkiyə ilə strateji razılaşmalara imza atan Məsud Bərzaninin də bölgəyə təsir etmə qabiliyyəti azaldılıb. Ərbil, Dahuk və Mosulun bir hissəsinin kənarda qaldığı yeni xəritəyə görə qərbdə Afrinə qədər uzanan enerji dəhlizi ABŞ-ın dəstəklədiyi Kürdüstan xəritəsinə çevriləcək. ABŞ-ın yeni planında Ərbil və Dahukda Bərzaninin rəhbərliyi ilə ikinci kürd bölgəsinin yaradılması da nəzərdə tutulur.


İraq Kürd rəhbərliyinin lideri Bərzaninin oktyabrda Vaşinqtona səfəri gözlənilir. Müzakirələrdə kürd lider ABŞ-ı Süleymaniyyə və Kərkük planından daşındırmağa çalışacaq. Yaxın Şərqdə gedən geosiyasi proseslər və müharibələrin hədəflərindən birinin dünya güclərinin bölgədə kürd dövləti yaratmaq planının tərkib hissəsi olduğu getdikcə daha aydın şəkildə ortaya çıxır. Bugünlərdə ABŞ-ın vitse-prezidenti Co Bayden Şimali İraqdakı kürd administrasiyasına işarə edərək bölgədə kürd dövlətinin yarana biləcəyinin mümkünlüyünə eyham vurdu. Bir sıra ekspertlər hesab edir ki, bölgədə kürd dövləti faktiki olaraq yaradılır və belə bir dövlətin yaranması çox dövlətlərə təsirsiz ötüşməyəcək.

Xüsusən də tərkibində kürd millətindən vətəndaşları olan dövlətlərə hansısa şəkildə təsir göstərə biləcəyindən söz edilir. Bu mövzuda danışan politoloq Qabil Hüseynli bildirdi ki, İraqın şimalında Məsud Bərzani əslində çoxdandır müstəqil dövlət quruculuğuna başlayıb. İraqın başının vətəndaş qarşıdurmasına, terrorçu qruplaşmalara qarışdığı bir vaxtda Bərzani bir sıra ciddi addımlar atıb: “Əvvəla, kürd bölgəsini türkmənlərin, əslində azərbaycanlıların yaşadığı Kərkük hesabına bir xeyli genişləndirmiş və Kərkük türklərinin mərkəzi sayıla biləcək Ərbil şəhərini də ələ keçirib, onun ətrafındakı böyük bir vilayəti də İraqın şimalında olan kürd muxtariyyətinin tərkibinə daxil edib. Son dövrlərdə bütün bunlar ABŞ-ın, müəyyən qədər də Türkiyənin xoş münasibəti altında həyata keçirilir.

Bərzani İŞİD-ə qarşı mübarizədə peşmərgə qüvvələrindən müəyyən qədər istifadə edə bilmiş və ABŞ-la Avropanın dəstəyini ala bilmişdi. PKK-nın Suriya qolu olan PYD-ni də Şimali Kürdüstandan vurub çıxararaq Türkiyə ilə öz arasında xoş münasibətlərin bərqərar olmasına imkan yaradıb. Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra Rusiyanın Türkiyəyə qarşı bir sıra ittihamlarının ifşa edilməsində Şimali İraqdakı Kürd Administrasiyası böyük rol oynadılar. Bərzani tez-tez Ankaraya gəlir və sanki türklərin ”saqqızını oğurlayıb". Bir qədər bundan əvvəl isə ABŞ-ın vitse-prezidenti Co Bayden bəyanat verərək Şimali Kürdüstanda bir kürd dövlətinin yaradılacağının ilk siqnallarını vermişdi".

Politoloqun sözlərinə görə, Amerika bu məsələdə çox ziddiyyətli bir rol oynayır. Bir yandan İraqın ərazi bütövlüyünün pozulmayacağını, digər tərəfdən də kürdlərə müstəqil dövlət vəd edir. Türkiyənin özü də bölgədəki dövlətlərdən heç birinin ərazi bütövlüyünün pozulmayacağını bəyan etsə də, Şimali Kürdüstan Muxtariyyəti ilə əlaqələri qoruyub saxlayır. Siyasilər bir tərəfdən bir şey deyir, başqa tərəfdən də bir dövlətin formalaşması prosesinin getdiyinə biganə yanaşırlar.

Son vaxtlar İraqda şiələrin İraqın bütövlüyü uğrunda mübarizəyə qalxması isə onu deməyə əsas verir ki, kürd dövlətinin formalaşması o qədər də asan olmayacaq. Kürd dövləti yaranarsa, konkret Azərbaycana hansısa şəkildə təsir edib-etməyəcəyinə gəlincə, Azərbaycanla həmin ərazi arasında çox böyük bir məsafə var. Kürd dövlətinin yaranması daha çox Türkiyəyə zərbə ola bilər. Çünki həmin dövlət bir presedent kimi qonşuluqdakı dövlətlərdəki kürdlərin də həmin dövlət ətrafında birləşməsinə şərait yarada bilər. Azərbaycana isə birbaşa təsir etməsi gözlənilən deyil.

ABŞ-ın Rusiya ilə müttəfiqlik siyasəti

ABŞ-la Rusiya Suriyada atəşkəsə dair razılaşmanı elan etməsinin ardınca Suriyanın şimalındakı PYD kürd təşkilatı böyük dövlətlərin kürd muxtariyyətinin yaradılmasına dair razılığa gəldiklərini açıqlayıb.

PYD liderlərindən Elham Əhməd bu haqdaverdiyi məluamtda bildirib ki, arici nümayəndələrin də iştirakı ilə aparılan danışıqlarda Suriyada üç federativ bölgənin yaradılmasından söhbət gedir: “Bu, Suriya vətəndaşlarının, partiyaların, qruplaşmaların və Suriya böhranının siyasi həllinə çalışan xarici dövlətlərin istəyidir. Rusiya və ABŞ da bu mövqeni dəstəkləyir”. PYP iderti qeyd edib ki, Suriyanın cənub, mərkəzi və şimal əyalətlərinə bölünməsi nəzərdə tutulur. Şimal hissədə kürd muxtariyyəti olacaq. Mərkəzi hissədə sünnülər, cənubda isə şiələr olacaq. Kürd nümayəndəsinin sözlərinə görə,Suriyanın federallaşmasına dair danışıqlarda ən barışmaz mövqedən "mötədil müxalifət" çıxış edir, Bəşər Əsədin hökuməti onlara nisbətən daha yumşaq mövqe nümayiş etdirir. Ən ağlabatan ssenari hər üç federal bölgənin özünün müstəqil seçki sisteminin olmasıdır. Məsələn, regionların birində seçicilər Əsədi seçəcəksə bu, qalan iki regionda siyasi proseslərə heç bir təsir etməyəcək. Yəni qalan regionlarda Əsədlə döyüş qüvvələr də hakimiyyətə gələ biləcək.

Ekspertlər bunun Bosniya modelini xatırlatdığını deyirlər. 90-cı illərin ortalarında NATO Bosniyadakı qanlı qırğınları dayandırmaq üçün bombardman əməliyyatlarına başladı. Sonda çoxluqda olan etnik qrup-serblər danışıqlara razılaşdı.ABŞ və Rusiya Bosniyanın müsəlmanlar, serblər və xorvatlardan ibarət konfederasiyaya bölünməsində anlaşdılar.

Türkiyə nə etməlidir?

Politoloq Elman Nəsirli saytımıza açıqlamasında bildirib ki, Türkiyə bu məsələlərdə son dərəcə ciddi qətiyyət göstərəcək: "Kürd dövlətinin yaranması ehtimalı Türkiyənin təhlükəsizliyi üçün ciddi təhdiddir.İraqərazisindən artıq Türkiyəyə kürdlər zərbə endirir.İkinci bir cəbhənin də açılma ehtimalı var. Və heç kim üçüncünün də olmayacağına təminat vermir. Əgər Türkiyə diplomatik və hərbi vasitələrdən ciddi şəkildə istifadə etməzsə, o formalaşmış situasiyanın məğlubuna çevrilə bilər".

Xarici siyasi şərhçilər isə hesab edir ki, PKK ilə müqayisədə İraqdakı kürdlər daha təşkilatlanmış təsir bağışlayırlar. Kürdlər 1991-ci ildəİraqa qarşı "Səhrada fırtına"əməliyyatı apardıqdan sonra, faktiki olaraq İraqın şimalı müstəqil oldu. Artıq 21 ildir ki, özləri üçün mini dövlət yaradıblar. Bu nöqteyi-nəzərdən də Bərzaninin Suriyadakı kürdlərə təsir etmək imkanları daha genişdir. Suriyadakı kürdlərə dəstək kimiİraqdakı kürdlər çıxış edəcəklər. ABŞ və onun müttəfiqləri ilə Türkiyə arasında aparılan danışıqlarda bu problemin mümkün fəsadları, regionda ABŞ-ın müttəfiqləri üçün təhdidin yaranması, bunlara qarşı mübarizə yolları diqqət mərkəzində saxlanılmalıdır. Türkiyənin müttəfiqi olan ABŞ PKK-nı terrorçu qruplaşma kimi tanıyıb. Bu faktordan da Türkiyə bəhrələnməlidir.

Rüfət Soltan



Diaspora