ABŞ-ın nüfuzlu “Washington Times” qəzetinin 29 yanvar sayında Azərbaycandan bəhs edən toplu məqalələr dərc olunub.
ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, “Müstəqilliyini bərpa etdikdən 25 il sonra çiçəklənən ABŞ müttəfiqi” başlığını daşıyan bu məqalələr toplusunda yer almış çoxsaylı yazıların müəllifləri arasında ABŞ Nümayəndələr Palatasının üzvləri Rendi Veber və Robert Aderholt, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, soydaşımız Rob Sobhani, tanınmış tədqiqatçı Aleks Vatanka, eləcə də “Washington Times” qəzetinin redaksiya heyəti dayanır.Məqaləsində Azərbaycanın hansı səbəblərdən ABŞ üçün əhəmiyyət kəsb etdiyi sualına cavab gətirməyə çalışan R.Veber ölkəmizin mühüm geosiyasi mövqeyini önə çəkərək, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd edir, hərbçilərimizin beynəlxalq sülhməramlı qüvvələrdə iştirakını təqdir edir və Əfqanıstanda ABŞ Silahlı Qüvvələri ilə əməkdaşlığımızı vurğulayır. Konqresmen Veber fəal şəkildə ABŞ-ın Azərbaycanla münasibətlərinin gücləndirilməsindən bəhs edir.
Azərbaycanı ABŞ-ın strateji müttəfiqi kimi xarakterizə edən Robert Aderholt öz növbəsində Avrasiya məkanında onun malik olduğu əhəmiyyəti şərtləndirən amilləri Amerikan oxuyucularının diqqətinə çatdırır. Azərbaycana səfərləri və o cümlədən Azərbaycan prezidenti İlham Əliyev ilə görüşünü xatırladan konqresmen inanır ki, daha sabit və firavan Azərbaycan müvafiq olaraq daha sabit və firavan Cənubi Qafqaz üçün ümid verir.
Səfir E.Süleymanov yazısında Azərbaycan xalqının 20 Yanvar faciəsindən başıuca çıxaraq, azadlıq və müstəqilliyə doğru can atması və bu tarixi nailiyyətə yetişməyini vurğulayır. O, eyni zamanda dözümlülük dəyərlərinə sadiq Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında cəmiyyətin müxtəlif üzvi hissələrinin möhkəm birliyini təmin edən ənənələrin davam etdirildiyini göstərir.
Daha sonra məqalələr toplusunda Rob Sobhani ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycanın xüsusilə İlham Əliyevin prezidentliyi dövründə əldə olunmuş uğurlara nəzər salır. Aleks Vatanka isə bir az fərqli rakursdan çıxış edərək, ABŞ-ı Azərbaycana münasibətdə daha ardıcıl siyasət yürütməyə çağırır.
Azərbaycan barədə bu xüsusi buraxılışda həmçinin “Washington Times” qəzeti vasitəsilə ABŞ ictimaiyyətinə Azərbaycanın I Avropa Oyunları kimi tarixi hadisəyə ev sahibliyi edəcəyi barədə məlumat verilir, qarşıdan gələn bu Oyunların uğurla keçməsi üçün görülən fəaliyyətlərə istinad edilir və nəzərdə tutulan yarışlardan qısaca söz açılır.
Bundan əlavə, buraxılışda ölkəmizin turizm potensialı, o cümlədən Şahdağ Turizm kompleksi, Tovuz şəhəri və habelə yəhudi icmasının məskunlaşdığı Quba rayonunun “Qırmızı Kənd” qəsəbəsi haqqında maraqlı yazılar yer alır və turistləri Azərbaycana səfər etməyə sövq edəcək 10 mümkün səbəb sadalanır. Həmçinin “Azərbaycan Hava Yolları” QSC-in genişlənən beynəlxalq fəaliyyəti və yeni uçuşlar, xüsusilə Bakı və Nyu-York arasında birbaşa hava əlaqəsi barədə yeniliklər bölüşülür.
Nəhayət, xüsusi buraxılışda “Azpromo”nun dəstəyi ilə ABŞ bazarına ixrac olunan yüksək keyfiyyətli qida məhsulları barədə ətraflı məlumat təqdim olunur. Ümumilikdə, 12 səhifəlik xüsusi buraxılışda 16 məqalə və məlumat dərc edilib.
Yuxarıda istinad edilən məqalələrlə bu internet ünvanında ətraflı şəkildə tanış olmaq mümkündür: http://www.washingtontimes.com/specials/azerbaijan-quarter-century-restoring-independence/