Sabah sentyabrın 16-da MDB-yə daxil olan respublikaların prezidentləri, Özbəkistan və Türkmənistan prezidentləri istisna olmaqla təşkilatın sammitini keçirmək üçün Qırğızıstanın paytaxtı Bişkekə toplaşacaqlar.
Virtualaz.org xəbər verir ki, sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistan prezidentlərinin iştirakı təsdiqlənib.
Qırğızıstan prezidentinin işlər idarəsinin rəhbəri Turuspek Koenaliyev jurnalistlərə prezidentlərin harada görüşəcəklərini və hər prezident üçün ayrılmış iqamətgahı nümayiş etdirib. Onun sözlərinə görə, sammit “Ala-Arça” dövlət rezidensiyasında keçiriləcək, bunun üçün qəbullar Evi tikilib. Binanın tikintisi fevral ayında başlayıb, avqustda təhvil verilib. Xarici görkəminə görə qırğız çadırına oxşayır. Ümumi sahəsi 1.5 min kvadratmetrdir. Orada dörd zal var və jurnalistlər üçün mərkəz var.
Koenaliyev deyib ki, prezidentlər dövlət iqamətgahının ərazisindəki qonaq evlərində qalacaqlar. Prezidentlərin menyüsü onların hər birinin zövqü nəzərə alınmaqla hazırlanıb. Menyüdə spirtli içkilər, hətta pivə də nəzərdə tutulub.