“Aprelin 20-24-də AŞPA-da keçiriləcək yaz sessiyasında Azərbaycanla bağlı müzakirələr olmayacaq”.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanla bağlı ümumi müzakirələrin iyunun 23-27-də yay sessiyası zamanı keçirilməsi nəzərdə tutulur: “Lakin ümumilikdə həm yaz, həm yay və komitə iclaslarında Dağlıq Qarabağ məsələsini gündəmdə saxlayırıq. Xüsusilə ilk qaldırılacaq məsələlər işğalçı Ermənistanın son zamanlar apardığı təxribat əməliyyatları və cəbhədə sakitliyin pozulması olacaq. Azərbaycanlı girovların hələ də azad olunmaması və cəbhə bölgəsində sakitliyin Ermənistan tərəfindən pozulmasını daim diqqətə çatdırırıq. Dağlıq Qarabağla birgə işğal olunmuş yeddi rayondakı vəziyyətlə bağlı məruzəçinin fəaliyyətinə təkan vermək istiqamətində də işlər gedir. Hazırda bu istiqamətdə ümumi məruzə üzərində iş aparılır ”.
Xatırladaq ki, Avropa Şurasının Parlament Assambleyasının Siyasi məsələlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi, britaniyalı deputat Robert Valter “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılıq hallarının artması” adlı hesabat hazırlayır. O, martın 12-də Azərbaycanda səfərdə olub. May ayında isə Ermənistana səfər etməyi planlaşdırır.