"FETÖ"nün Azərbaycanda Türkiyədə olduğu kimi nə dövlət çevrilişinə cəhd etməsi, nə də dövlətçiliyimizi sarsıda bilməsi mümkündür.
Qaziler.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.Millət vəkilinin fikrincə, Azərbaycanın hüquq-mühafizə orqanları Türkiyədən fərqli olaraq daha çevik və operativ işləyirlər: "Demək olar ki, təkcə bu sahə deyil, dövlətimizin təhlükəsizliyi üçün hər bir məsələni diqqətdə saxlaya bilirlər. Ona görə də inanmıram ki, "FETÖ"nün Azərbaycanda böyük bir cərəyanı olsun. Düzdür, "FETÖ"çülərin Azərbaycanda müəyyən iş görmələri, bəzi sahələrdə fəaliyyət göstərmələri olub. Axı biz bu günədək "FETÖ"nü terror təşkilatı kimi tanımamışıq, ona görə də burada da bəzi ziddiyyətlər var. Bu baxımdan onların yalnız konkret fəaliyyətinə qiymət verilə bilər. Çünki onların kiməsə yaxınlığına görə məsuliyyətə cəlb edilməsi qanundan kənar olardı. Amma hərəkətlərində, konkret addımlarında Azərbaycan qanunlarının pozulması halları olacaqsa, yaxud da burada müəyyən fəaliyyətlə məşğul olub qazandıqları pullar və ya digər vəsaitləri hansısa cinayət hadisələrinin baş verməsinə, törədilməsinə, maliyyələşməsinə yönəldiləcəksə, təbii ki, bu zaman məsuliyyət daşımalıdırlar".
Ç.Qənizadə hesab edir ki, hər hansı cinayətkar dəstə Azərbaycanda gizlicə "dərin dövlət" qura bilməz: "Hələ ki, biz belə şəxslərin yalnız işdən azad olunması ilə bağlı məlumatlara rast gəlirik. Məsələn, Qafqaz Universitetinin 52 müəlliminin Türkiyə göndərilməsi. Bu da qanun çərçivəsində edilib. Sadəcə onların müqavilə müddətləri bitdiyinə və həmin universitet də Bakı Ali Neft Məktəbinin balansına verildiyinə görə onların yerli müəllimlərlə əvəz olunması daha məqsədəuyğun olardı. Ona görə də hesab edirəm ki, Azərbaycanda nə gizli hökumət, nə də bu dövləti və hakimiyyəti sarsıda biləcək hansısa mütəşəkkil cinayətkar dəstə mövcuddur, ola da bilməz. Amma ayrı-ayrı insanların Azərbaycan dövlətçiliyinə, indiki siyasi hakimiyyətinə qarşı çirkin niyyətləri ola bilər. Onların da qarşısının hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınacağına heç şübhə etmirəm".