Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu Avropa İttifaqının (Aİ) 15 iyunda baş vermiş çevrilişə cəhddən sonra Türkiyəni yetərincə dəstəkləmədiyini bildirib. Cənab Çavuşoğlu Almaniyanın Bild qəzetinə verdiyi müsahibədə “Avropa ölkələri Türkiyəyə yardım etməkdənsə bizi alçaldır,” deyib.
Onun sözlərinə görə 15 iyun hadisəsindən sonra “türk xalqı travma keçirib”.Türkiyə xarici işlər naziri ölkəsinin Aİ-ə üzvlüklə bağlı bütün şərtləri yerinə yetirmək üçün “heç bir ölkənin sərf etmədiyi qədər səy göstərdiyini” də qeyd edib.
O, buna baxmayaraq Aİ-ə üzvlüklərinin əngəllənməsilə qarşı-qarşıya qaldıqlarını deyib.
“Özümə sual verirəm: Biz nə günah işlətmişik? Türkiyəyə qarşı bu düşmənçilik niyə mövcuddur?” cənab Çavuşoğlu sual edib.
Mevlüt Çavuşoğlu Türkiyənin NATO-dan çıxmasının da müzakirə mövzusu olmadığını deyib.
Türkiyədə edam cəzasının yenidən tətbiqi mövzusunda suala isə xarici işlər naziri belə cavab verib: “Avropa, sanki biz edam cəzasını geri gətirmişik kimi hərəkət edir. Bu mövzuda tələblər var və bunu anlamaq lazımdır. Türkiyə, tarixində ən qanlı çevriliş cəhdini yaşayıb. İnsanlar tanklar tərəfindən əzilib, təyyarələrdən açılan atəşlə vurulub, parlament binası partladılıb.
“Bu tələbi görməməzlikdən gələ bilmərik və parlamentdə müzakirə etməliyik. Belə vacib bir mövzunu diqqətlə və sakitcə müzakirə etmək istəyirik.”
Cənab Çavuşoğlu Türkiyə vətəndaşlarının şengen zonasına vizasız gedişi və miqrantların vəziyyəti ilə bağlı “Aİ ilə müzakirələrin davam etdiyini” də bildirib.