Azərbaycan iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı yaralananların müalicəsi üçün qardaş ölkəyə 100 min dollar yardım edib.
Qaziler.az “haberler.com” saytına istinadən verdiyi məlumata görə, bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 100 min dollarlıq çeki Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramana təqdim edib.Türkiyə parlamentinin sədri Azərbaycan xalqına təşəkkür edib.
Türkiyə dini işlər naziri Mehmet Görməz, Rusiya Müsəlmanları Dini İdarəsi və Müftilər Şurasının sədri Ravil Qaynutdinovun da iştirak etdiyi görüşdə İ. Kahraman iyulun 15-də Türkiyənin böyük bir bəladan qurtulduğunu, xalqın ilk dəfə meydanlara çıxaraq çevrilişə qarşı mübarizə apardığını, ölkədə hərbi çevrilişlər dönəminin qapandığını vurğulayıb.
Türkiyənin böyük bir imtahan verdiyini söyləyən QMİ sədri deyib ki, Azərbaycan xalqı Türkiyə xalqı ilə eyni üzüntüləri paylaşır, duaları ilə Türkiyənin yanındadır.
O, hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib.
Nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisini gəzib, çevriliş cəhdi zamanı parlament binasının bombalanmış qisminə baxıblar.