Rəsmi Vaşinqton Türkiyədə hərbi çevrilişin yatırılmasını dəstəkləyir və türk hökuməti ilə hərbi sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir. ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danfordla görüşdən sonra Türkiyə baş naziri Binali Yıldırımın mətbuat xidməti belə deyib.
“Cozef Danford qətiyyətlə hərbi çevrilişə cəhdi pisləyib. O bildirib ki, səfərinin əsas məqsədi ABŞ-ın Türkiyə və türk xalqı ilə həmrəyliyini göstərməkdir. O həmçinin qeyd edib ki, rəsmi Vaşınqton Türkiyənin demokratik sistemini dəstəkləyir və iki ölkə arasında hərbi əməkdaşlıq bundan sonra da davam edəcək”, - məlumatda vurğulanır.
Qeyd olunur ki, Binali Yıldırımın və Cozef Danfordla görüş zamanı həmçinin Suriyadakı vəziyyət və İŞİD-lə mübarizə müzakirə edilib.