Millət vəkili Qənirə Paşayeva Türkiyənin Şəhid ailələri və Qazilər cəmiyyətləri rəhbərləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, millət vəkili görüşdə "Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır" deyib.
ŞKTC-nin Özgürlük və Barış Hərəkatının 42-ci ildönümü ilə bağlı ŞKTC-də səfərdə olan millət vəkili Qənirə Paşayeva tədbirlərdə iştirak etmək üçün Lefkoşaya gəlmiş Türkiyənin bir sıra vilayətlərinin Şəhid ailələri və Qazilər cəmiyyətləri rəhbərləri ilə görüşdə Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir deyib. Türkiyədə yaşanan hərbi çevriliş cəhdinə, yaşanan dəhşətli hadisələrə də toxunan millət vəkili Q.Paşayeva biz bunu kəskin pisləyirik və hər zaman qardaş Türkiyənin yanındayıq söyləyib. Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin və Azərbaycan xalqının hərbi çevriliş cəhdi ilə bağlı məlumatların yayıldığı ilk dəqiqələrdən bunu kəskin pislədiyini və Türkiyə dövlətinin yanında olması ilə bağlı açıqlamalarını vurğulayıb və Türkiyəni zəiflətməyə yönələn hər bir addım Azərbaycana qarşı da yönəlmiş bir addımdır və biz çeviliş cəhdlərini, terroru kəskin pisləyirik və bunlara qarşı mübarizədə qardaş Türkiyə dövlətinin yanındayıq deyib.Q.Paşayeva qardaş Türkiyədə hərbi çevriliş cəhdinə qarşı mübarizə apararaq şəhid olmuş insanlara Allahdan rəhmət, yaralılara şəfalar diləyirik və Azərbaycan və qardaş Türkiyənin hər zaman güclü olması ən böyük diləyimizdir deyib. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən, Türkiyənin və Azərbaycanın terror və terror təşkilatları ilə apardığı mübarizəsinə toxunan Q.Paşayeva biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər və eyni zamanda işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyə vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfəri, verdiyi son açıqlamalara toxunan millət vəkili Q.Paşayeva cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmana da çox önəmli məsaj oldu deyib. Millət vəkili Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb. Hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən danışan millət vəkili onları Azərbaycana dəvət edib.
Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri və qazilər cəmiyyətləri rəhbərləri və üzvləri hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə etməyə hazırıq deyiblər və böyük məmnuniyyətlə Azərbaycana gəlmək istədiklərini bildirərək dəvəti qəbul ediblər.