"Bu gün Azərbaycan inkişaf edən ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Biz öz hesabımıza yaşayırıq. Dünyada baş verən böhranlara baxmayaraq, inkişaf yolumuzla gedirik".
Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimindəki çıxışında deyib.“Həm 2008-2009-cu illərin, həm də 2015-2016-cı illərin böhranı bizim işimizə o qədər də böyük təsir etməyib. Nəyə görə? Çünki xalqla iqtidar vəhdət təşkil edir. Ona görə ki, cəmiyyətdə ölkəmizin inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Ona görə ki, biz öz hesabımıza yaşayırıq, iqtisadi və siyasi cəhətdən müstəqilik, müstəqil siyasət aparırıq. Bu, ləyaqətli, Azərbaycan xalqının maraqlarına əsaslanan siyasətdir və bütün dünyaya açığıq. Ona görə, bizim dünyadakı dostlarımızın sayı artır. Bizə olan hörmət də artır. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı da artır.Biz öz yolumuzla gedirik”, deyə dövlət başçısı bildirib.
Prezident bildirib ki, idman uğurları ölkəmizin uğurlarının tərkib hissəsidir: “Ancaq güclü dövlətlərdə güclü idman var. Olimpiya Oyunlarının nəticələrinə baxın. Hansı komandalar birinci yerlərdədir. Onların böyük əksəriyyəti inkişaf etmiş ölkələrin komandalarıdır. Yəni, idmanı ümumi inkişafdan ayırmaq olmaz. Ona görə, Azərbaycan idmanının inkişafı ümumi inkişafımızın təzahürüdür. Əgər bizdə iqtisadi, maliyyə müstəqilliyi olmasaydı və biz iqtisadi cəhətdən inkişaf etməsəydik, idmanın inkişafına istədiyimiz səviyyədə vəsait qoya bilməzdik. Amma bu gün bir daha demək istəyirəm ki, Azərbaycan inamla, uğurla inkişaf edir, 2016-cı ildə də qarşıda duran bütün vəzifələr icra edilir. Azərbaycan bölgədə təhlükəsizlik, sabitlik və inkişaf məkanıdır. Əminəm ki, bizim rolumuz həm bölgədə, həm dünyada getdikcə artacaq”.