Türkiyədə hərbi çevriliş tarixə qanlı olay kimi yazıldı

Türkiyədə hərbi çevriliş tarixə qanlı olay kimi yazıldı backend

Türkiyədə baş verən qiyam hökumətin nüfuzunu və dövlət gücünü zəiflətməyə yönəlmiş addım idi. Bunu bir çox yerli və xarici politoloqlar öz şərhlərində bildiriblər. Ölkədə bir gecədə başlayan qanlı olayda 265 nəfər həyatın itirib. Onların çox hissəsi yerli polislər və vətəndaşlardır. Hadisədən sonra hökumət dairələrində və ölkədə minlərlə həbslər həyata keçirilib. Sonuncu açıqlamaya görə 6000 nəfərə yaxın saxlanılan var. Dövlət çevrilişinə cəhdlə əlaqədar 30 vali və yerli icra hakimiyyəti orqanının təqribən 300 nümayəndəsi vəzifəsindən azad edilib. O cümlədən ən azı 103 general və admiralıhərbi çevriliş cəhdindən sonra saxlayıb.

Bütün bunlar gündəmdə rezonans doğursa da hadisənin digər "qutusunda” əsas səbəbkarlar axtarılır. Türkiyədə baş verən qanlı hərbi çevrilişin arxasında kimlər dayanır?

Məsələ ilə bağlı mediaya açıqlama verən yerli və xarici politoloqlar müxtəlif şərhlərlə çıxış ediblər. Türkiyədə istirahətdə olan Politoloq Elxan Şahinoğlu bildirib ki, baş verən qanlı hadisə gözənilməz idi: "Kimsənin ağlına da gəlməzdi ki, PKK ilə qanlı mübarizə getdiyi dövrdə orduda bir qrup zabit çevriliş planlaya bilər. Onsuz da AKP hökuməti ”Balyoz" və "Ergenekon” əməliyyatları ilə ordunu xeyli zəiflətmişdi. Bundan sonra Ərdoğana çətin olacaq. Əlbəttə, çevriliş yatırıldı, Ərdoğan üstünlük qazandı, ancaq ordu içində başlayacaq kütləvi həbslər də Türkiyədə növbəti gərginliyə yol açacaq.

İşin içində Fətullah Gülənin olub-olmadığını söyləmək çətin olsa da, Nur camaatı ilə əlaqədə şübhəli bilinənlərin həbslərinin sayı artacaq. Ərdoğan qiyamçı hərbçilər üzərində qələbədən sonra əlini gücləndirməyə çalışacaq, bu isə Türkiyə içində qarşıdurma nöqtələrini artıracaq. İnanmıram ki, çevrilişdə iştirak edənlərin tamamı Fətullah Gülənin nəzarətində olub və ya ona itaət ediblər. Çevriliş edənlər nəyə görə özlərinin və ailələrinin həyatlarını Amerikada gizlənən Gülənə görə riskə atmalıydılar? Böyük ehtimalla, generallar şəxsi səbəblərdən çevrilişə əl atıblar. Düşünüblər ki, bu yolla Ərdoğandan və onun siyasətindən qurtula bilərlər. Başqa səbəb o ola bilərdi ki, həmin zabitlər vaxtından əvvəl istefaya göndərilmək istəməyiblər. Gülənə gəldikdə, Vaşinqton onu Ərdoğana təhvil verməsə, iki ölkə arasındakı münasibətlər daha da soyuyacaq və bu, Ankaranın daha çox Moskvaya yaxınlaşmasına rəvac verəcək”.

Politoloqun dediklərinə qüvvət olaraq nəzərinizə çartdıraq ki, Türkiyənin Fətullah Gülənin ABŞ-dan ekstradisiya edilməsi çağıırşına ABŞ rəsmisi Con Kerridən cavab gəlmişdi: "Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ABŞ-dan ekstradisiya olunması üçün onun Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilində rolunun sübutu lazımdır”. Onun sözlərinə görə, ABŞ-a Fətullah Gülənin ekstradisiyası üçün Ankara formal sorğu göndərməlidir: "Türkiyə tərəfinin təqdim etdiyi dəlillərin standartlara uyğun olacağı təqdirdə ekstradisiya anlaşmasına əməl ediləcək”.

Dövlət rəsmisi həmçinin ölkəsi Güləni Türkiyəyə verməməklə hər hansı məqsəd güdmədiyini də vurğulayıb. Bəzi şərhçilər hərbi qiyamı ordu çərçivəsində deyil, hərbçilərdən ibarət kiçik qrup halında həyata keçirildiyinin tərəfdarıdır. Məsələ ilə bağlı Azərbaycan mediasına şərh bildirən Türkiyənin siyasi şərhçisi Naciye Selin Şenocak bu sözügedən qrupun ABŞ-da oturan Gülən tərəfdarları olduğunu söyləyib. Ekspert qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin terrorla aktiv mübarizəsi fonunda hərbçi çevrilişə cəhd təsadüfi deyil: "Türkiyə belə hadisələrin təkrarlanmaması üçün tezliklə Gülənin ABŞ-dan ekstradisiyasına nail olmalıdır. ABŞ Türkiyə qarşısında öz imicini qorumaq üçün Güləni ekstradisiya etməlidir. Əks halda Türkiyə ABŞ-ı terrorçuluğu dəstəkləyən ölkə kimi qiymətləndirəcək".

Sözsüz ki, Türkiyə tarixində bu günə kimi baş vermiş ölkə qarşıdurmaları arasında ən qorxunc və yaddaşlardan silinməyəcək bir hadisənin şahidi olduq. Əsgərlərin sadəcə əmrə tabel olması bəziləri üçün fürsət, bəziləri üçün isə nifrət anaqramlarını yaratdı. Bəzi beynəlxaq təşkilatların da laqeyd qaldığı hadisədə tarixin gizli ədavətinin üstü hələ açılmayıb. Hərbi ekspert Üzeyir Cəfərov də hərbi çevrilişi tarixin qanlı hadisəsi hesab edir: "Çox üzücü hal o oldu ki, 200-ə yaxın şəxs həlak oldu. Xeyli sayda generallar, polkovniklər həbs edildi. Əsgərlərə qarşı sərt təpkiyə üzüldüm. Əsgər əmrə tabe olan bir şəxsdir. Onların hərəkətlərini yüksək qiymətləndirmirəm, ancaq ordu idarə olunan qurumdur. Yaxınlarını, doğmalarını itirmiş adamlar əsgərlərə qarşı sərt davrandılar, onları da anlamaq olar. Türkiyə silahlı qüvvələrinin imicinə zərbə dəydi. 15 iyul 2016-cı il tarixi uzun müddət unudulmayacaq. İndiyə qədər hakimiyyət çevrilişləri həyata keçirilmişdi, ancaq TBMM-nin binasına 7 raket bombasının atılması, tankın dinc insanlarının üstünə sürülməsi, türk əsgərinin təhqir olunması, xoşagəlməz hal idi. Bu məsələ uzun müddət müzakirə olunacaq. Artıq dövlət strukturları öz fəaliyyətlərini davam etdirirlər. Yaxın saatlarda Türkiyədə vəziyyət stabilləşəcək. Araşdırma ciddiyyəti ilə aparılacaq. Bu hərbi çevrilişdə iştirak etmiş hərbiçilər ciddi şəkildə cəzalandırılacaq.
Deyirlər əsgərlər edam oluna bilər. Bunun qəti əleyhinəyəm. Türkiyə ordusu terrorçulara qarşı döyüşür, çoxlu sayda şəhid verib. Əgər bu edam məsələsi gerçək olsa, ölkədə ciddi şəkildə gərginlik olacaq".
Millət vəkili Fazil Mustafa isə bildirib ki, heç şübhəsiz bu hadisənin arxasında Baş qərargah rəisi və ya başqa bir yüksək ordu səlahiyyətlisi dura bilməz: "İşin başında bilavasitə Baş Qərargah rəisi dursaydı və ya hansısa xarizmatik bir general prosesləri idarə etsəydi, qısa müddətə nəyəsə nail olmaq, bəlkə də, ehtimal oluna bilərdi.
Məchul bir mənbədən alınan əmrin məsuliyyəti altına ağlı başında olan kimsənin girməsi çətin işdir. Bizim üzərimizə düşən, Türkiyənin heç bir vəchlə hərbi çevriliş yaşamamasıdır. Erdoğandan xoşu-gəlib gəlməmək hər kəsin öz işidir, ancaq Türkiyənin qanuni yolla seçilmiş prezidentini və hökumətini devirmək bu ölkəni yenə də 30-40 il geri salmaq deməkdir», - deyə deputat fikrini yekunlaşdırır.

Deputat Adil Əliyev də hadisə ilə bağlı sosial şəbəkə fikirlərini paylaşıb: "Türkiyədə ötən gün baş verən hərbi çevriliş cəhdindən sonra "hərbi çevriliş" sindromu məhv edildi". Deputat ümid edir ki, daha qardaş ölkədə hərbi çevriliş cəhdi olmayacaq: "Bu hadisə ilə bağlı çox danışmaq, hər iki tərəfigünahlandırmaq olar. Kənardan baxıb mühakimə yürütmək, hadisəni qiymətləndirmək asandır. Onu qeyd edim ki, bu hadisə məni çox sarsıtdı. İnanıram ki, Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan humanistlik edib, əmrə tabe olan əsgərləri valideynlərinə və türk xalqına bağışlayar".

Qeyd edək ki, Türkiyədə baş verən qanlı qiyamın arxasında 3-cü bir ölkənin olduğu barədə fikirlər dünya mediasına sızıb. Belə ki, Qətərin sabiq əmiri Həmid bin Xəlifə Əlisani Türkiyədə baş verən hərbi çevrilişə cəhdin arxasında Səudiyyə Ərəbistanının olduğunu açıqlayıb. Qətərli siyasətçi Ər-Riyadın Ankarada baş verən hadisələri sükutla izlədiyini deyib: "ABŞ və Səudiyyə Ərəbistanının Türkiyədəki hərbi çevriliş cəhdində əli var idi. Ərəbistanın Xarici İşlər naziri Adil Cubeyr bu hadisələr qarşısında susub. Çünki nələr ola biləcəyini bilirdi”

Rüfət Soltan
Diaspora