Azərbaycanın Türkiyədəki diaspor təşkilatları dövlət çevrilişi cəhdini pisləyən bəyanat yayıblar

Azərbaycanın Türkiyədəki diaspor təşkilatları dövlət çevrilişi cəhdini pisləyən bəyanat yayıblar backend

Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ölkədə baş verən dövlət çevrilişinə cəhd ilə bağlı birgə bəyanat yayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda Türkiyə Konstitusiyasına zidd olaraq ölkədə hakimiyyəti güc yolu ilə dəyişdirmək, demokratiyanın təməl prinsiplərini tapdalayaraq dövləti zorla ələ keçirmək cəhdləri qətiyyətlə pislənilir. “Yaşanan hadisələr bölgədə önəmli mövqeyə sahib olan Türkiyəyə, Atatürk ideyalarına, Konstitusiyaya və demokratiyanın fundamental dəyərlərinə zərər vurmaq istəyindən başqa bir şey deyil. Türkiyədə yaşayan azərbaycanlılar hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyə xalqının və dövlətinin yanındadır”, - deyə bəyanatda vurğulanır.

Azərbaycan diaspor təşkilatları Türkiyənin demokratik və dünyəvi dövlət kimi bundan sonra da qarşıya çıxan bütün maneələri uğurla dəf edəcəyinə inamlarını ifadə ediblər. Bildirilib ki, Türkiyənin çevrilişlərə və qiyamlara deyil, demokratiyaya ehtiyacı var. Keçmişdə baş verən çevrilişlərin hansı nəticələrə gətirdiyini türk xalqı yaxşı xatırlayır.

Diaspor təşkilatları Türkiyədə yaşayan bütün azərbaycanlıların türk xalqının və dövlətinin demokratiya uğrunda mübarizəsini dəstəklədiyini qeyd edərək həmvətənlərimizi dövlət çevrilişi cəhdinə etiraz məqsədilə keçirilən aksiyalarda fəal iştiraka çağırıb. “Bu xain təşəbbüsün qarşısının alınması zamanı canlarından keçmiş qardaşlarımıza Allahdan rəhmət diləyir, onların yaxınlarına və bütün türk xalqına başsağlığı veririk. Türkiyə tarixin daha bir ağır sınağından üzüağ çıxıb. Tarix növbəti dəfə böyük türk xalqının öz dövlətinə və Vətəninə nə qədər sadiq olduğunun şahidi oldu”, - deyə bəyanatda bildirilir.

Bəyanat Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, İstanbul Türkiyə-Azərbaycan Dərnəyi, Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Eskişehir Azərbaycan Dərnəyi, Ankaradakı Türkiyə-Azərbaycan Dərnəyi, Kahramanmaraş Azərbaycan Kültür və Həmrəylik Dərnəyi və digər diaspor təşkilatları adından yayılıb.
Diaspora