“Ən perspektivli layihələrdən biri Azərbaycana An-178 tipli təyyarələrin satışı olacaq”

“Ən perspektivli layihələrdən biri Azərbaycana An-178 tipli təyyarələrin satışı olacaq” backend

Ən perspektivli layihələrdən biri Azərbaycana An-178 tipli təyyarələrin satışı olacaq.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bunu Ukrayna Prezidenti Petro Poroşenko iyulun 14-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Azərbaycana səfərə gəlməsindən böyük məmnunluq hissi keçirdiyini bildirən Ukrayna Prezidenti Petro Poroşenko deyib: “Səmimi olaraq deyə bilərəm ki, bu səfər məndə çox böyük təəssürat oyadıb. Bakı qədim tarixi və müasirliyi özündə ehtiva edən bir şəhərdir. Şəhərin böyüklüyü Azərbaycan xalqının nə dərəcədə qüdrətli və böyük xalq olduğunu nümayiş etdirir. Mən dünən gecə yatmaq əvəzinə, Bakının küçələrini gəzdim, köhnə şəhərdə - İçərişəhərdə ekskursiyada oldum. Bu gün burada Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi xatırlamaya bilmərəm. Çünki müasir Azərbaycanın banisi məhz bu şəxs olmuşdur. Onun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bu gün bu dərəcədə çiçəklənən müasir ölkəyə çevrilmişdir. O ölkə ki, onunla beynəlxalq müstəvidə hər kəs hesablaşır”.

Prezident Petro Poroşenko Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclasının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Ukrayna Prezidenti iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə də toxunaraq dedi: “Düşünürəm ki, ən perspektivli layihələrdən biri, – cənab Prezident də onu qeyd etdi, - Azərbaycana An-178 tipli təyyarələrin satışı olacaqdır. Burada - Azərbaycanda onların birgə istehsalının yaradılması da çox maraqlı bir layihədir. Düşünürəm ki, bu da yeni bazarların kəşfi üçün maraqlı bir layihə olacaqdır. Biz yanacaq və energetika sahəsində əməkdaşlığımızı müzakirə etdik. Burada söhbət Azərbaycanın ehtiyatlarının və Ukraynanın tranzit ehtiyatlarının tətbiq edilməsindən gedir”.

Ukrayna dövlətinin başçısı iki ölkənin beynəlxalq təşkilatlarda əməkdaşlığından danışaraq qeyd etdi: “BMT Təhlükəsizlik Şurasında bizim əməkdaşlığımız çox vacibdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşdur və orada da Ukrayna daim müdafiə edilmişdir. Mən Sizi əmin edə bilərəm ki, bu gün Ukrayna 2016-2017-ci illər üzrə həmin mövqedədir və Azərbaycanın mövqeyi də orada müdafiə ediləcək. Bundan əlavə, biz Azərbaycanın GUAM təşkilatında sədrlik məsələsini də müzakirə etdik.

Biz danışıqlar zamanı ölkələrimiz üçün digər maraqlı məsələləri müzakirə etdik. Ölkələrimizin qarşılıqlı şəkildə suverenliyi və ərazi bütövlüyünün müdafiəsi məsələsini müzakirə etdik. Ukrayna Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və böyük məmnuniyyətlə biz bilirik ki, Azərbaycan da Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutur”.

Petro Poroşenko Prezidentlər Şurasının 5-ci iclasının nəticələrini bir daha yüksək qiymətləndirib: “Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə bu çox səmimi atmosferin yaradılmasına və yüksək səviyyədə danışıqların aparılmasına görə təşəkkürümü bildirirəm. Cənab Prezident, Sizi növbəti iclasımızı ən yaxın gələcəkdə - ya bu ilin sonunda, ya da gələn ilin əvvəlində keçirmək üçün Ukraynaya dəvət edirəm. Çox sağ olun”.
Diaspora