İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Rusiya xarici işlər nazirini salamlayan Prezident İlham Əliyev dedi:- Xoş gəlmisiniz, hörmətli Sergey Viktoroviç. Sizi yenidən Bakıda görməyimə çox şadam. Biz bu yaxınlarda Peterburqda görüşmüşdük. Buna qədər də görüşmüşdük. Mən keçmiş cədvələ baxdım, biz hər ay görüşmüşük: apreldə Bakıda, mayda Vyanada, keçən ay Sankt-Peterburqda, sonra yenidən Bakıda. Bu, bizim münasibətlərimizin necə inkişaf etdiyinin yaxşı göstəricisidir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın necə səmərəli rol oynadığının göstəricisidir.
Biz Rusiya tərəfinin, şəxsən Prezidentin səylərini yüksək qiymətləndiririk. Mən həm Sizə, həm də Rusiya Prezidentinə Sankt-Peterburqda görüşün keçirilməsi təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Biz bu görüşü çox səmərəli və müsbət görüş kimi qiymətləndiririk. Əlbəttə ki, son 3-4 ayda danışıqlar prosesində nəzərəçarpan müsbət dinamikanın davam edəcəyinə ümid bəsləyirik. Hesab edirəm ki, danışıqların bu dövrü ən dinamikdir və ümidvaram, həm də ən səmərəli olacaq. Sizin bu gün Bakıya, bundan əvvəl isə Yerevana səfəriniz bir daha sübut edir ki, Rusiya hər iki ölkənin dostu, qonşusu kimi münaqişənin nizamlanmasında maraqlıdır. Təbii ki, biz də maraqlıyıq, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün münaqişənin tezliklə həllini istəyirik.
Həmçinin, əlbəttə ki, sizin səfəriniz ikitərəfli münasibətlərin gündəliyini müzakirə etmək üçün yaxşı imkandır. Keçən ay biz bu məsələləri Rusiya Prezidenti ilə müzakirə etmişdik. Elə bir mövzu tapmadıq ki, ani müdaxilə tələb etsin. Bizim əsas vəzifəmiz bütün istiqamətlər üzrə - həm siyasi, həm iqtisadi, nəqliyyat, energetika, humanitar əməkdaşlıq sahələrində münasibətləri möhkəmləndirməkdir. Biz dost və tərəfdaş kimi inamla irəliləyirik. Əminəm ki, sizin səfəriniz uğurlu olacaq və ölkələrimizin daha da yaxınlaşmasına təkan verəcək. Bir daha xoş gəlmisiniz.
X X X
Rusiyanın xarici işlər naziri Sergey LAVROV dedi:
-Çox sağ olun, hörmətli İlham Heydər oğlu. Həqiqətən gözəl Bakı şəhərində, ümumi Xəzər dənizimizin sahilində yenidən olmaq çox xoşdur. Həm də ki, sabah Xəzər beşliyi ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü baş tutacaq. Mənim həmkarım və dostumla, o cümlədən Bakıda da keçirilən Sammitdə başlanan səyləri davam etdirəcəyik və nəticəyə nail olmağa çalışacağıq.
İlk növbədə Vladimir Vladimiroviç Putinin səmimi salamlarını çatdırmaq istərdim. O da Sizin kimi, Sankt-Peterburq görüşünü xoş sözlərlə xatırlayır. Orada siz həm ikitərəfli münasibətləri müzakirə etdiniz, həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüş keçirdiniz. Bizim ikitərəfli gündəliyimiz çox zəngindir. Siz indi bu haqda dediniz. İlin sonunadək hökumətlərarası ticari-iqtisadi komissiyasının iclası, Rusiya-Azərbaycan Regionlararası Forumu, Azərbaycan və Rusiya prezidentlərinin birgə himayəsi ilə artıq dəfələrlə keçirilən 5-ci Bakı Beynəlxalq Humanitar Forumu nəzərdə tutulub. Sözsüz ki, Azərbaycanın xarici işlər nazirinə və mənə də hər halda indiki mərhələdə dövlət başçıları tərəfindən hər hansı bir müdaxilənin tələb olunmadığı barədə qiymətinizi eşitmək bizə xoşdur.
Biz bütün istiqamətlərdə əməkdaşlığın inkişafında maraqlıyıq. Əlbəttə ki, Sizin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Rusiya tərəfinin təşəbbüsünə münasibətinizi qiymətləndiririk. Proses həqiqətən gedir və Prezident Putin Sankt-Peterburq görüşünün nəticəsindən razıdır. Sizin dediyiniz kimi, mən Prezidentin tapşırığı ilə hər iki ölkənin paytaxtına səfər etmişəm. Hesab edirəm ki, bugünkü görüş tamamilə konkret planda daha dəqiq addımları müəyyənləşdirməyə kömək edəcək. Qonaqpərvərliyə və Sizin xoş sözlərinizə görə bir daha çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Mənim salamlarımı və ən xoş arzularımı Vladimir Vladimiroviçə çatdırın.