Putin Finlandiyadan nə istəyir?

Putin Finlandiyadan nə istəyir? backend

Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, Finlandiya NATO-ya qoşularsa, Moskva öz silahlı qüvvələrini bu ölkənin sərhədlərində cəmləşdirəcək.

Qaziler.az xəbər verir ki, belə bəyanat Putinin iyulun 1-də Finlandiyaya səfəri zamanı bu ölkə prezidenti ilə keçirdiyi brifinqdə səslənib. Rusiya mənbələri görüşün kifayət qədər gərgin keçdiyini və prezidentlərin bir-birinin ünvanına xoş sözlər demək əvəzinə hədələyici çıxışlar etdiyini bildirir.

Putin Finlandiya prezidenti Sauli Niinisto ilə Naantali kurort şəhərində görüşüb. O, mətbuat üçün keçirilən brifinqdə deyib ki Finlandiya silahlı qüvvələri NATO-nun hərbi infrastrukturunun bir hissəsinə çevrilən kimi Rusiya qoşunları bircə gecədə Finlandiya sərhədində olacaq.

Mətbuat konfransında jurnalistlərdən biri sual verib ki, Rusiya nəyə görə Finlandiyanı öz təhlükəsizliyi üçün narahat olmağa və nəticədə NATO-ya üzvlük barədə düşünməyə məcbur edir. Putin isə cavabında deyib ki, o, nədən söhbət getdiyini anlamır. Çünki Rusiya Finlandiyanın təhlükəsizliyini təhdid edən heç bir addım atmır.Rusiya qoşunları hazırda Finlandiya sərhədindən çox uzaqlarda, təxminən 1500 kilometr məsafədə dislokasiya olunub.



Lakin Putin xəbərdarlıq edib ki, Finlandiya NATO-ya üzv olsa vəziyyət belə qalmayacaq.

"Siz elə bilirsiniz hər şey əvvəlki kimi qalacaq? Biz qoşunlarımızı 1500 kilometr aralıda saxlayacağıq?” – Putin deyib.

Təhlilçilər deyirlər ki, Putinin Krımın ilhaqından bəri Finlandiyaya ilk səfəri Moskvanın Baltik regionunda getdikcə artan qüvvə nümayişinə görə hərbi baxımdan neytral olan Finlandiya və İsveçin NATO ilə yaxınlaşdığı dövrə təsadüf edir.Bu da vurğulanır ki, Putin sərt xəbərdarlıqlarını səsləndirmək üçün NATO-nun Varşava sammitindən bir həftə əvvəl regiona səfər edib.

Rusiya prezidenti mətbuat konfransında istehza ilə deyib:"Mənim finlandiyalı bir dostumun dediyi kimi NATO yəqin ki, məmnuniyyətlə son fin əsgərinə qədər Rusiya ilə vuruşmaqdan məmnun olardı. Uşaqlar, bu sizə lazımdır? Bizə lazım deyil, amma bu sizin mövqeyinizdir, sizə nəyin lazım olduğunu özünüz müəyyənləşdirin”.



Finlandiya prezidenti isə cavabında SSRİ-Fin müharibəsinə eyhamla (həmin müharibədə sovet ordusu yüz minlərlə əsgərini itirmişdi və buna baxmayaraq çox az ərazi işğal edə bilmişdi) deyib ki, onun ölkəsinin əsas müdafiə silahı öz sərhədlərini qorumaq iradəsidir."Və belə iradənin gücünə başqa heç bir Avropa ölkəsi malik deyil”- prezident Sauli Niinisto bildirib.

Reuters agentliyi xatırladır ki, son aylarda Baltik regionunda NATO və Rusiya hərbi təyyarə və gəmiləri arasında çox sayda təhlükəli insidentlər yaşanıb. Bununla əlaqədar, Baltik dövlərləri NATO-dan regionun müdafiəsini gücləndirməyi xahiş ediblər.

Finlandiyada keçirilən görüşdə Putin və Niinisto regionda qarşılıqlı təhlükəsizliyin yaxşılaşdırılmasına çağırıblar.Niinisto təklif edib ki, Baltika regionu üzərində uçan heç bir hərbi təyyarə siqnal transponderini söndürməməlidir.Putin bu təklifə razılıq verib, lakin əlavə edib ki, Rusiya təyyarələri bir vaxtlar transponderlərini söndürərdilər, lakin NATO təyyarələri bunu daha tez-tez edirlər.Vladimir Putin deyib ki, regionda münaqişələrin önlənməsi məsələləri NATO-nun sammitindən sonra Rusiya-NATO şurasının iclasında müzakirə olunacaq.

Diaspora