Çexiya prezidenti Miloş Zeman ölkənin Avropa İttifaqında və NATO-da üzvlüyü ilə bağlı referendumun keçirilməsinə çağırıb. Virtualaz.org“Reuters” agentliyinə istinadən xəbər verir ki, bu çağırış “Brexit”in nəticələri fonunda edilib.
Bununla birgə, Çexiya dövlət başçısı qeyd edib ki, onun özü ölkənin hər iki birlikdə qalmasına səs verərdi.
“Mən Avropa İttifaqından çıxışı dəstəkləyənlərlə razı deyiləm. Amma əlimdən gələni edərəm ki, onlar üçün fikirlərini ifadə edə biləcəkləri referendum təşkil olunsun. Eyni sözləri NATO-da üzvlüklə bağlı da deyə bilərəm”, - Zeman bildirib.
Agentlik qeyd edir ki, Çexiya prezidentinin referendum çağırmaq səlahiyyəti yoxdur, bunun üçün Konstitusiyaya düzəliş edilməlidir. Lakin Zemanın nüfuzlu siyasətçi olması da qeyd edilir.