Azərbaycan Prezidenti İlham Əliyev heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qaziler.az Trend-ə istinadən bildirir ki, ölkədə qeyri-neft sektorunun tərkib hissəsi kimi heyvandarlığın inkişaf etdirilməsi prioritet vəzifələrdən biridir. Bu sahədə yeni yaradılan və müasir avadanlıqla təchiz edilmiş infrastrukturlar, o cümlədən hazırda yenidən qurulmaqda olan Respublika Süni Mayalanma Mərkəzi və respublikanın 12 bölgəsində regional süni mayalanma mərkəzləri heyvandarlığın inkişafında mühüm rol oynayacaqdır.Sərəncamda qeyd olunur ki, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq və süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək məqsədilə, Respublika Süni Mayalanma Mərkəzinin tikintisinin başa çatdırılması və müasir avadanlıqla təchiz olunması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 8,4 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.