Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin yanvarın 29-da Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlərin cari səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.Prezident Qurbanqulu Berdiməhəmmədov salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Görüş zamanı Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb, iki ölkə arasında iqtisadi, ticarət, elm, təhsil eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.