Türkiyə-İsrail və Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın da xeyrinədir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail strateji tərəfdaşı, Rusiya isə tərəfdaşıdır. Hər 3 ölkə arasındakı münasibətlərin normal olması rəsmi Bakını mürəkkəb seçimdən qurtarır.
Qaziler.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.Onun sözlərinə görə, 27 iyun Türkiyə xarici siyasətində önəmli yerə malik olacaq: "Birincisi, Türkiyə-İsrail münasibətlərinin normallaşmasını təmin edən sənəd qəbul edildi. Əslində bu gərginliyə ehtiyac yox idi, hər iki tərəfin əsəbi addımları uzun onilliklərin strateji tərəfdaşlığına son qоymuşdu.
İkincisi, eyni gündə Ankara Rusiya iqtiqamətində də vacib həmlə həyata keçirdi. Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan faktiki vurulan təyyarəyə görə rusiyalı həmkarı Vladimir Putindən üzr istədi, öldürülən pilotun ailəsinə başsağlığı verdi. Sonrakı mərhələdə Ankaranın öldürülən pilotun ailəsinə təzminat ödəyəcəyi də mümkündür".
Eksperin fikrincə, indi cavab növbəsi Rusiyanındır: "Top yenə Rusiyanın meydanındadır. Moskvanın özünü daha çox naza qoyması özünə ziyanlıdır. Rusiyanın ABŞ və Avropa İttifaqı ilə münasibətlərinin soyuq olduğu günlərdə yenidən Türkiyəni strateji tərəfdaş kimi qazanmaq şansı yaranıb".
Rüfət Soltan