"Rusiya Dağlıq Qarabağda müharibənin yenilənməsində maraqlı deyil. Rəsmi Moskva vəziyyətin sabitləşməsini istəyir. Biz əminik ki, aprel müharibəsi görünməyən əllərin işi deyildi. Rusiya bu prosesdə maksimal şəffafdır”.
Qaziler.az-ın məlumatına görə, bu sözləri ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik "Amerikanın Səsi" radiosunun Ermənistan və Azərbaycan xidmətlərinə müsahibəsi zamanı jurnalistin "Rusiya hər iki tərəfə silah satır. Siz əminsiniz ki, Rusiya münaqişənin yenilənməsində maraqlı deyil” sualına cavab verərkən deyib.O bildirib ki, münaqişənin həlli məsələsində Rusiya, Fransa və ABŞ arasında heç bir ziddiyyət yoxdur. "ABŞ, Rusiya və Fransa münaqişəyə eyni nöqteyi-nəzərdən baxır. Rusiya da münaqişənin həllində maralıdır və bu məsələyə çox vaxt xərcləyib. Biz birmənalı olaraq münaqişənin həllində Rusiya ilə əməkdaşlıq edirik”, - deyə Uorlik bildirib.
Həmsədr Rusiyanın sabiq prezidenti və hazırkı baş naziri Dmitri Medvedevin ölkə başçısı olduğu vaxt münaqişənin həlli ilə bağlı səylərini qənaətbəxş qiymətləndirməyib: "Keçmişdə Medvedevin bu istiqamətdə addımları arzu olunan nəticələrə gətirib çıxarmayıb. İndi prezident Vladimir Putin bu istiqamətdə səylər göstərir”.
Uorlik apreldə aparılan əməliyyatların səbəbini bilmədiyini də deyib."Bizim təmas xəttində müşahidəçilərimiz yoxdur. Ona görə də mən apreldə həyata keçirilən əməliyyatların səbəbini bilmirəm. Amma faciəli nəticələri bizə məlumdur”.
Həmsədr deyib ki, hazırda masaya bir neçə təklif qoyulub. "Amma tərəflər arasında ziddiyyətlər var. Ümumilikdə razılığa gəlmək olar. Hər iki tərəf ATƏT-in Minsk Qrupunun missiyasının genişlənilməsi ilə bağlı razılığa gəlib”,- dəyən həmsədr hədəflərinin uzunmüddətli razılaşma olduğunu bildirib.