Rəcəp Akdağ: Türkiyə Azərbaycana dəstək verməyə hazırdır

Rəcəp Akdağ:  Türkiyə Azərbaycana dəstək verməyə hazırdır backend

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Türkiyə Respublikasının Sosial Güvənlik Qurumunun dəvəti ilə Ankara şəhərində səfərdə olublar.

Agentlikdən Qaziler.az-a verilən məlumata görə, səfər müddətində Türkiyənin səhiyyə naziri Rəcəp Akdağ Azərbaycan nümayəndə heyətini qəbul edib.

Nazir görüşdə icbari tibbi sığortanın Türkiyədə uzun müddət tətbiq olunduğunu, onun ölkə ərazisində tam şəkildə əhatə olunmasının 2013-cü ildə yekunlaşdığını bildirib.

R.Akdağ bu müddətdə meydana çıxan çətinliklər və sistemlərin üstünlükləri barədə geniş məlumat verib.

Agentliyin direktoru Zaur Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, gələcək planlar barədə söhbət açıb.

Səhiyyə naziri R.Akdağ Agentliyin gələcək işlərində Türkiyənin təcrübəsindən faydalanmasına ehtiyac olduğu təqdirdə, dəstək verməyə daim hazır olduqlarını bildirib.

Agentliyin direktoru Z.Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sosial Güvənlik Qurumunun rəhbərliyi və nümayəndələri ilə də görüşüb.

Nümayəndə heyəti görüşdə Sosial Güvənlik Qurumunun əhali, eləcə də tibb müəssisələri arasında qurulmuş münasibətləri ilə tanış olub. Türkiyənin tibbi sığortanın tətbiqi sahəsində təcrübəsini öyrənib, habelə tibbi sığortanın təşkili sahəsində informasiya texnologiyalarının tətbiqi imkanlarını araşdırıb.

Agentlik mütəxəssisləri ölkəmizdə icbari tibbi sığortanın həyata keçirilməsi üçün müvafiq sahələrdə Türkiyə təcrübəsini öyrənib.
Diaspora