AŞPA-da Türkiyə ilə bağlı hesabat qəbul olunub

AŞPA-da Türkiyə ilə bağlı hesabat qəbul olunub backend

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında əsas dinləmələr Türkiyəyə həsr olunub.

Qaziler.az-ın Strasburqdakı müxbirinin verdiyi məlumata görə, Assambleya gün ərzində "Türkiyədə demokratik təhsisatların fəaliyyəti” adlı hesabat ətrafında müzakirələr aparıb.
AŞPA-nın Monitorinq Komitəsi adından Türkiyə üzrə həmməruzəçilər, norveçli İngebyörq Qodkesen və Serbiyalı Nataşa Vuçkoviçin hazırladıqları hazırkı hesabat bu ölkənin 2004-cü ildə qurumun post-monitorinq mərhələsinə keçməsindən sonra ən sərt hesabat hesab olunur.
Türkiyə nümayəndə heyətinin hesabatla bağlı irəli sürdüyü əlavə və dəyişikliklərin əksəriyyəti qəbul olunmayıb. Bununla yanaşı, Röne Ruke, Pieter Omtzigt da daxil olmaqla bir neçə parlamentar sənədin daha da sərtləşdirilməsi ilə bağlı təkliflər irəli sürüblər.
Belə ki, Avropa Şurasının yaradıcılarından hesab olunan Türkiyə 2004-ci ildən etibarən AŞPA-nın post-monitorinq dialoqu mərhələsində dəyərləndirilir. Ancaq bir sıra parlamentarlar Türkiyənin monitorinq prosesinə salınmasını təklif ediblər.
Lakin müzakirələr zamanı bu təklif qəbul edilməyib və Türkiyə post-monitorinq səviyyəsində saxlanılıb.
Hesabatın müzakirələrində iştirak etmiş və Türkiyə əleyhinə olan əlavə və dəyişikliklərə qarşı çıxış etmiş Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin üzvü, erməni əsilli millət vəkili Markar Eseyan deyib ki, hesabatın bu cür qəbul edilməsi Türkiyə ilə AŞPA arasındakı münasibətlərdə böyük problemlər yarada bilər.
"Ümumiyyətlə, bu hesabat çox problemli sənəd idi. Burada Türkiyəyə qarşı çox haqqsızlıqlar var. Qərəzli, həmçinin daha çox HDP və ölkədəki digər siyasi qüvvələrin mövqeini əks etdirirdi” deyə, o bildirib.
Türkiyəli parlamentarlar hesabatı "obyektivlikdən uzaq tərtib edilmiş, təzyiq altında yazılmış sənəd” adlandırıblar.
Onlar Türkiyənin həmişə məruzəçilərlə işlədiyini, onlara sərbəst dəyərləndirmə üçün hər cür şərait yaratdıqlarını bildiriblər.
"Dünən, arxasında HDP, PKK lobbiçiləri və erməni nümayəndələrinin, ön planda isə hollandiyalı Pieter Omtzigt və fransalı Röne Rukenin durmasıyla Türkiyənin yenidən AŞPA-nın monitorinq prosesinə salınması istiqamətində hesabata əlavə və dəyişikliklər irəli sürüldü. Yəni, burada məqsəd hesabatın məğzinə uyğun olmayan əlavə və dəyişikliləri sənədə salmaq və bununla da hesabatın məzmununu başqa istiqamətə yönəltmək idi. Bunun da başlıca məqsədi Türkiyəni təxribata çəkib onunla Avropa Şurası arasındakı münasibətlərdə ciddi böhran yaratmaq idi. Bunu öyrəndiyimizdən bəri bütün heyətimiz əlimizdən gələn hər şeyi etdi və hesab edirəm ki, bu baş verə biləcək böhranın qarşısını ala bildik” deyə türkiyəli parlamentar qeyd edib.
Qeyd edək ki, Türkiyə ilə bağlı qəbul edilmiş hesabatda deputatların toxunulmazlığının qaldırılması, antiterror əməliyyatları adı ilə ölkədə söz və mətbuat azadlığının pozulması, əməliyyatların qeyri-proporsional aparılması, 2013-cü ildə ölkədə baş vermiş böyük korrupsiya qalmaqalı və həbslər kimi məsələlər əksini tapıb.
Diaspora