Çavuşoğludan qaqauzlarla bağlı mühüm təklif

Çavuşoğludan qaqauzlarla bağlı mühüm təklif backend

Qaqauz Yeri Muxtar Ərazi Qurumunun (Moldova Respublikası) başqanı İrina Vlax və Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Mövlud Çavuşoğlu ikitərəfli əməkdaşlığın inkişafı aspektlərini müzakirə ediblər. AzərTac xəbər verir ki, iyunun 21-də keçirilən görüş Qaqauz nümayəndə heyətinin Ankaraya səfəri çərçivəsində baş tutub.

M.Çavuşoğlu Türkiyə və Moldova Respublikası arasında münasibətlərin inkişaf dinamikasını yüksək qiymətləndirib. Nazir vurğulayıb ki, vizasız rejimin tətbiqi ilə iki ölkə arasında turist axını xeyli artıb. Türkiyə və Moldovanın gündəmində növbəti addım azad ticarət sazişinin ratifikasiyasıdır. Bu kontekstdə M.Çavuşoğlu İstanbulda Qaqauz nümayəndəliyinin açılışının vacib olduğunu vurğulayıb.

Türkiyənin xarici işlər naziri deyib: “Ötən həftə Sankt-Peterburqda Qaqauz nümayəndəliyi açılıb. Məncə, həmin layihə İstanbulda da həyata keçirilməlidir. Nümayəndəlik Qaqauz Yeri Muxtar Ərazi Qurumuna investorların sayının artmasına kömək edəcək. Türkiyə tərəfindən Qaqauz Yerinə təhsil sahəsində, eləcə də teleradiokommunikasiyanın inkişafında dəstək verilir. Bu təcrübə davam edəcək”.

İrina Vlax Qaqauz xalqına göstərilən sistemi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını bildirib, sosial layihələrin həyata keçirilməsində Türk Əməkdaşlığı və Əlaqələndirmə Agentliyinin (TİKA) rolunu vurğulayıb.

Muxtar Ərazi Qurumunun başqanı deyib: “Bu gün iqtisadiyyatımızın real sektoruna investisiyaların cəlb edilməsinə ehtiyac var. Hazırda Türkiyə regionda aparıcı xarici investordur. Biz türk kapitalı ilə yeni müəssisələrin yaradılmasına ümid edirik”.

Tərəflər Qaqauz Yeri Muxtar Ərazi Qurumu ilə Bursa arasında regionlararası əməkdaşlıq haqqında saziş imzalanmasına dair razılığa gəliblər.

Görüşdə tərəflər ayrıca məsələ kimi TİKA tərəfindən həyata keçirilən prioritet layihələrin mərhələləri, o cümlədən Komrat şəhərində Rəcəb Tayyib Ərdoğan adına təhsil kompleksinin tikintisi layihəsini müzakirə ediblər.
Diaspora