Azərbaycan və ABŞ aviadaşıyıcılar üçün "açıq səma" rejimi haqda razılaşma əldə ediblər. ANS PRESS-in məlumatına görə, bu haqda ABŞ dövlət departamentinin məlumatında deyilir. Ölkələr rejimin tətbiq olunması haqda 3 il ərzində danışıqlar aparıblar. ABŞ dövlət departamenti qeyd edir ki, razılıq "hər iki ölkədə tələbatın artması fonunda" aviabazara geniş girişi təmin edərək həm ABŞ, həm də Azərbaycan üçün sərfəli olacaq.
"Açıq səma" üzrə razılıq aviasiyada ikitərəfli münasibətləri liberallaşdıracaq, ticarət və ABŞ və Azərbaycan arasında gediş-gəlişi inkişaf etdirəcək. "Açıq səma" haqda razılıq aviasiyadan əlavə turizm və istehsalatda da iqtisadi artım imkanları yaradacaq", - Dövlət Depratamentinin bəyanatında belə deyilir.
"Açıq səma" rejimi xarici aviaşirkətlərə aviaəlaqə haqda ikitərəfli razılıqdan asılı olmayaraq uçmağa və 3 ölkə arasında tranzit uçuşlar həyata keçirməyə imkan verir.