“Xalqlarımız arasında möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin möhkəmlənməsinə yönələcək”.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təbrik məktubu ünvanlayıb.Təbrik mətnində deyilir:
“Hörmətli Vladimir Vladimiroviç.
Sizi və Sizin şəxsinizdə dost Rusiya xalqını dövlət bayramınız – Rusiya Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə Rusiya Federasiyası dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsində, səmərəli iqtisadiyyat qurulmasında sanballı uğurlar qazanıb. Siyasi, sosial-iqtisadi həyatda ardıcıl dəyişikliklər, cəmiyyətdə həmrəylik və sabitlik, fəal xarici siyasət kursu Rusiyanın beynəlxalq nüfuzunun güclənməsi üçün etibarlı zəmin olub.
Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərin yüksək səviyyəsi, bütün sahələrdə əməkdaşlığımızın dinamik və hərtərəfli inkişafı xüsusi məmnunluq doğurur.
Əminəm ki, birgə səylərimiz bundan sonra da ölkələrimizin strateji tərəfdaşlığının və çoxplanlı qarşılıqlı fəaliyyətinin daha da genişlənməsinə, xalqlarımız arasında möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinin möhkəmlənməsinə yönələcək.
Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiyanın bütün dost xalqına isə sülh və əmin-amanlıq arzulayıram”.