Qırğızıstan prezidenti Almazbek Atambayev MDB Hökumət Başçıları Şurasının (HBŞ) iclasında iştirak etmək üçün Bişkekə səfərə gələn nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. AzərTAc bildirir ki, görüşdə Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.
Almazbek Atambayev qonaqları salamlayaraq bildirib ki, Qırğızıstana MDB Hökumət Başçıları Şurasının yubiley görüşünü keçirmək nəsib olub və o bundan çox məmnundur. İclasa işində uğurlar arzulayan dövlət başçısı əmin olduğunu bildirib ki, onlar bu ilin sentyabrında Qırğızıstanda MDB Dövlət Başçıları Şurasının iclasını da yüksək səviyyədə keçirəcəklər.
Almazbek Atambayev MDB-də və bu qurumun işçi orqanlarında islahatlar aparılmasını dəstəkləyib və qeyd edib ki, bugünkü iclasda da bu istiqamətdə müzakirələr aparılacaq.