“Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına tam dəstəyimizi ifadə edirik. İnanırıq ki, həlli uzadılmış münaqişələr ATƏT-in diqqət mərkəzində olmalıdır. Bu baxımdan ATƏT sədrliyini və üzv dövlətləri münaqişələrdən əziyyət çəkən ölkələrin cəhdlərini dəstəkləməyə çağırırıq”.
Bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Gürcüstan xarici işlər naziri Mixael Canelidzenin Daimi Şuranın iclasında çıxışına cavabında deyilir.Bəyanatda bildirilir ki, Azərbaycan və Gürcüstanın ikitərəfli münasibətləri yüksək səviyyədədir.
“Müstəqilliyimizi bərpa etdikdən sonra ölkələrimiz qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlığı inkişaf etdirməyə sadiqliklərini nümayiş etdirib. Bu tərəfdaşlıq Cənubi Qafqaz regionuna dinamik iqtisadi inkişaf, siyasi sabitlik, millətlərə çiçəklənmə verib. Regional enerji və nəqliyyat layihələri ilə reallaşan Azərbaycan-Gürcüstan tərəfdaşlığı Cənubi Qafqaz regionunun Avropa və dünya bazarlarına inteqrasiyasında hərəkətverici qüvvə qismində çıxış edir. Biz əməkdaşlığımızın üçtərəfli və çoxtərəfli formatlarda uğurlu şəkildə inkişaf etməsindən məmnunuq ”.
Bəyanatda qeyd edilib ki, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlığı bu baxımdan ən yaxşı nümunədir və iki ölkə GUAM formatında da yaxşı münasibətlərə malikdir: “Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Türkiyənin iştirakı ilə Şərq-Qərb Trans Xəzər Ticarət və Nəqliyyat Dəhlizi layihəsinin irəli sürülməsi məqsədilə qeyri-rəsmi işçi qrupun yaradılması ölkələr arasında faydalı əməkdaşlığın digər praktiki nümunəsidir və təhlükəsizliyin gücləndirilməsi, iqtisadi əməkdaşlığa fayda verməklə bağlı qətiyyətimizi göstərir”.
Sonda qeyd edilib ki, bu tərəfdaşlıqlar Cənubi Qafqaz regionunda sülh, sabitlik və davamlı inkişafın təmin edilməsində əvəzsiz rol oynayır.