"Almaniya parlamentində qondarma "erməni soyqırımı" ilə əlaqədar 2 iyun 2016-cı il tarixində qəbul edilmiş qətnaməni qərəzli və qeyri-obyektiv hesab edirik.
Tarixin saxtalaşdırılması və onun siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir".Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, o cümlədən Xocalı soyqırımına etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən "erməni soyqırımı" kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsi və ona dair mühakimələr yürütməsi ikili standartların bariz nümunəsidir.
XİN rəsmisi əlavə edib ki, bu tarixi saxtakarlıq faktına parlament səviyyəsində münasibətin bildirilməsi Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir.