Almaniya parlamentində qəbul edilən “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsini Xristian Birlik (CDU/CSU), Sosial Demokrat (SPD) və müxalifətdə olan “Yaşıllar” partiyası hazırlayıb. Lent.az-ın məlumatına görə, parlamentin böyük səs çoxluğu ilə qəbul etdiyi sənəddə qeyd edilir ki, 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş olaylar “soyqırımdır” və "ermənilərin yer üzündən silinməsi üçün" atılmış addımdır. Bundan başqa, sənəddə ermənilərlə yanaşı, assurilər, süryanilər və keldanilərin də soyqırıma məruz qaldığı bildirilir.
Sənəddə 1915-ci il hadisələrinin Almaniyada orta məktəb, universitet dərsliklərinə salınması tövsiyə olunur. Həmçinin siyasət tarixi dərsliklərində bu məsələyə yer verilməsi məqbul sayılıb.
Bundan başqa sənəddə qeyd edilir ki, “1915-ci ildə yaşananlar haqqında məlumatlar gələcək nəsillərə ötürülməlidir və bu sənəd həm də Almaniyada yaşayan erməni və türkiyəli əhalinin barışıq şəraitində yaşamasına zəmin yaratmalıdır”.
Sənəddə 1915-ci ildə Osmanlı imperiyası ordusunun rəhbərliyində yer alan alman zabitlərlə bağlı da qeyd edilir və onların “erməni soyqırımı”nda iştirakı “utandırıcı” adlandırılır.
Həmçinin Osmanlıdakı alman deputatların həmin vaxt öz ölkələrinə ermənilərin üzləşdiyi problemlərlə bağlı “məlumatlar” göndərdiyi də iddia edilir. Bildirilib ki, həmin vaxt hakimiyyətdə olan Alman İmperiyası baş verənləri dayandırmağa çalışmayıb və hazırki Almaniya Parlamenti o vaxtkı imperiyanın tarixi məsuliyyətini qəbul edir.
**
14:48
Almaniya parlamenti qondarma erməni soyqırımını tanıyıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, alman parlamenti 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələri erməni soyqırımı kimi tanıyıb.
Parlamentdə qərarın əleyhinə cəmi 1 səs verilib. Bir deputat isə qərarsız qalıb.
Baş nazir Angela Merkel isə səsverməyə qatılmayıb.