Prezident Böyük Britaniyanın yeni səfirini qəbul edib

Prezident Böyük Britaniyanın yeni səfirini qəbul edib backend

Prezident İlham Əliyev mayın 31-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Kroftsun etimadnaməsini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib, diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.


Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyinin geniş sahələri əhatə etdiyini deyən dövlətimizin başçısı səfir Kerol Meri Kroftsun diplomatik fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Kerol Meri Krofts ölkəsinin Azərbaycan ilə 20 ildən artıqdır ki, uğurlu əməkdaşlıq etdiyini vurğulayıb. BP-nin ölkəmizə ən böyük sərmayə yatıran şirkət olduğunu qeyd edən səfir Böyük Britaniyanın Azərbaycan ilə əməkdaşlıq imkanlarından danışıb. Azərbaycanda olduğu müddətdə Bakı ilə yanaşı, respublikamızın müxtəlif bölgələri ilə də tanış olduğunu deyən səfir Kerol Meri Krofts xalqımızın qonaqpərvərliyinin və ölkəmizdəki fərqli gözəlliklərin onda dərin təəssürat yaratdığını, Bakının beynəlxalq bir şəhər kimi onu valeh etdiyini vurğulayıb.

Azərbaycanın müxtəlif bölgələri ilə tanışlığın ölkəmizi daha yaxından tanımaq üçün yaxşı fürsət yaratdığını deyən dövlət başçısı bu səfərlərin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Diaspora