Latviya hökuməti sentyabrın 1-i tarixinə uşaqlara yalnız latış adlarının verilməsini tövsiyə edən qanun layihəsinin müzakirəsinə başlayacaq. Virtualaz.org «Sputnik» agentliyinə istinadən xəbər verir ki, qanun layihəsi şəxsi ad, soyad və milliyyətin qeydiyyatının dəyişdirilməsi barədə qanuna əlavələri özündə ehtiva edir.
Düzəlişlərdə göstərildiyinə görə, qeydiyyat idarəsi adlar «latış dilinin əsaslarına uyğun gəlmədikdə və ya şəxsiyyətin cəmiyyətə daxil olmasına əngəl törətdikdə» onun qeydiyyatından imtina edə bilər.
Bildirildiyinə görə, hazırda Latviyada bütün ad və soyadlara «-s» şəkilçisi əlavə edilir. Məsələn, Miron adı Mirons, Ruslan adı isə Ruslans kimi təqdim edilir. Sözügedən dəyişikliklər qəbul olunacağı təqdirdə isə, latış qrammatikasına uyğun gəlməyən adlar, ümumiyyətlə, qeydə alınmayacaq.
Latviya Ədliyyə Nazirliyində belə hesab edirlər ki, bu dəyişikliklər «ölkədə demokratik quruluşu» mühafizə edir və «Latviyanın digər xalqlarına öz ana dilində sərbəst ünsiyyət qurmaq azadlığı» verir.
Bir sıra ictimai təşkilatlar qəbul edilməsi nəzərdə tutulan dəyişikliklərin insan hüquqlarını pozduğunu bəyan ediblər.