Mayın 28-i İspaniyada Silahlı Qüvvələr Günü münasibətlə təşkil olunmuş təntənəli paradı İspaniya Kralı VI Felipe, Müdafiə naziri Pedro Morenes, daxili işlər naziri Xorxe Fernandes Dias və digər rəsmi şəxslərlə yanaşı, bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənov da izləyib.
Qaziler.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İspaniya ordusunun müxtəlif qoşun növlərinin iştirakı ilə keçirilən mərasimdən sonra kral VI Felipe müdafiə naziri Pedro Morenezin dəvəti ilə parada qatılan Z. Həsənovla görüşüb.Görüş zamanı nazir Z. Həsənov Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin salamlarını Krala çatdırıb. Silahlı Qüvvələr Günü münasibətilə krala təbriklərini çatdıran müdafiə naziri İspaniyaya səfərindən məmnunluğunu ifadə edib, səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. Azərbaycan xalqını 28 May-Respublika Günü münasibətilə təbrik edən və ona əmin-amanlıq arzulayan Kral VI Felipe öz növbəsində onun da salamlarını prezident İlham Əliyevə çatdırmağı xahiş edib.