Moskvada Respublika Günü münasibətilə təntənəli qəbul olub - FOTO

Moskvada Respublika Günü münasibətilə təntənəli qəbul olub - FOTO backend

Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə təntənəli qəbul təşkil edib.

Qaziler.az bildirir ki, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbir iştirakçılarını ölkəmizin ən mühüm dövlət bayramlarından biri olan Respublika Günü münasibətilə təbrik edərək bildirib ki, bu gün Azərbaycan üçün əlamətdardır – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 98-ci ildönümü qeyd olunur. Suverenlik qazanan Azərbaycan xalqı bu tarixə böyük diqqət və həssaslıqla yanaşır. AXC-nin müstəqilliyinin elan edilməsinin ölkəmizin tarixində ilk xalq hakimiyyəti təcrübəsi olduğunu bildirən səfir deyib: “Bu dövlət öz vaxtını qabaqlayan tarixi fenomen olub. Çünki müsəlman Şərqində ilk dəfə olaraq demokratik dəyərlər və prinsiplər bərqərar edilib. AXC parlamentində Azərbaycan ərazisində fəaliyyət göstərən bütün partiyaların fraksiyaları yaradılıb. Parlamentdə azərbaycanlılarla bərabər, ölkəmizin ərazisində yaşayan bütün millətlərin və xalqların nümayəndələri təmsil olunub”.

Səfir vurğulayıb ki, AXC-nin həyata keçirməyə başladığı ideyalar bu gün müstəqil Azərbaycan tərəfindən uğurla reallaşdırılır. XX əsrin sonunda daha bir tarixi şans qazanan ölkəmiz öz müstəqilliyini bərpa edə bilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdaraq Azərbaycanı ikitirəlikdən, parçalanmaqdan xilas edib, labüd fəlakətin qarşısını alıb. Heydər Əliyev zəngin siyasi təcrübəsi, möhkəm əzmi və qətiyyəti sayəsində müstəqil dövləti məhvə sürükləyən problemləri həll edib. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizindən çoxunun işğal edildiyi son dərəcə ağır vəziyyətdə öz ölkəsində qaçqına çevrilən bir milyondan çox məcburi köçkün ordusu yaranmışdı. Heydər Əliyev ölkədə yaranmış böhranı həll edir, Azərbaycan beynəlxalq məkanda özünə layiqli yer tutur, inamla sabit inkişaf yoluna qədəm qoyur.

P.Bülbüloğlu vurğulayıb ki, müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya siyasətinin əhəmiyyətli amilinə çevrilməkdədir. Belə vəziyyət ilk növbədə obyektiv səbəblər - siyasi sabitlik, sabit iqtisadi yüksəliş, çoxvektorlu xarici siyasətin formalaşması ilə şərtlənir. Bu siyasətin Rusiya vektoru ən mühüm istiqamətlərdən biridir. Bakı və Moskvanın bir məsələdə yekdil olduğunu bildirən səfir deyib: “Ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu maraqlar bir-biri ilə surətdə əlaqədardır və bir-birini tamamlayır”.

Cənubi Qafqaz regionunda sabitliyi pozan, sülhə təhlükə yaradan əsas amil Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi olduğunu bildirən Polad Bülbüloğlu deyib: “Ölkəmiz coğrafi mövqeyi və iqtisadi potensialı sayəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm əlaqələndirici vəsiləsi rolunu oynayır. Bu istiqamətdə Rusiya Federasiyasının da iştirak etdiyi üçtərəfli əməkdaşlığın perspektivli formatları fəal inkişaf edir. Mehriban qonşuluq və dostluq ənənələrinə sadiq olan Azərbaycan Qafqaz-Xəzər regionunun gələcək inkişafına sanballı töhfə vermək, burada sülh və sabitliyi təmin etmək istiqaməti seçib. Amma əməkdaşlıq potensialını tam inkişaf etdirmək üçün ona mane olan amilləri aradan qaldırmaq lazımdır. Ölkəmizin ərazisinin işğal edilməsi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş rayonlardan tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin yerinə yetirilməməsi regionda, bütövlükdə ATƏT məkanında sabitliyi pozan və sülhə təhlükə yaradan əsas amildir. Bu yaxınlarda - aprel ayında münaqişə zonasında hərbi toqquşmalar zamanı mülki əhalini və obyektləri şiddətli atəşə tutan, o cümlədən tərkibində ağ fosfor olan mərmilər istifadə edən Ermənistanın təxribat xarakterli hücumlarının qarşısının Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınması bunu təsdiq etdi. Bu gün mən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş gənclərini xatirəsini anmağı təklif edirəm”.

Səfir qeyd edib ki, Azərbaycan münaqişənin beynəlxalq vasitəçiliyin köməyi və danışıqlar yolu ilə sülhlə həllinin tərəfdarıdır. Buna görə də biz dünya birliyinin bütün məsul üzvlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpasının və onun ərazisinin işğalının dayandırılmasının vacibliyinə dair prinsipial mövqe nümayiş etdirəcəklərinə ümid bəsləyirik. Burada xüsusi rol, şəksiz ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in münaqişənin həlli üzrə Minsk qrupunun həmsədri və Cənubi Qafqaz, o cümlədən Azərbaycan ilə həm coğrafi, həm də tarixi baxımdan sıx bağlı olan bir ölkə kimi Rusiyaya məxsusdur. Səfir deyib: “Rusiya xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasinin, xarici ölkələrin səfirlərinin, səfirlik nümayəndələrinin burada olmalarından istifadə edərək bir daha bəyan edirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç bir danışıqların mövzusu ola bilməz”. P.Bülbüloğlu əmin olduğunu bildirib ki, tezliklə münaqişənin həlli istiqamətində real addımlar atılacaq, bununla da təkcə Azərbaycanın deyil, bütün region ölkələrinin inkişafına daha əlverişli şərait formalaşacaq. Səfir fikrini belə yekunlaşdırıb: “Ölkəmiz Qafqazda sülh və firavanlığı bərqərar etmək üçün daha böyük səylər göstərəcək”.

Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edən Rusiya xarici işlər nazirinin müavini, stats-katib Qriqori Karasin bildirib ki, ölkələrimiz təməlində hüquq bərabərliyi, mehriban qonşuluq, əsrlərə söykənən dostluq ənənələri, ümumi tarix və mədəniyyət olan strateji münasibətlər bağlayır. Rusiyalı diplomat deyib: “2014-cü ildə biz əmtəə dövriyyəsinin dörd milyard dollar həcmində rekord səviyyəsinə nail olduq. İndi əməkdaşlığın ilk növbədə nəqliyyat, neft-qaz, aqrar-sənaye və əczaçılıq sahələrində stimullaşdırılmasının optimal yollarını axtarırıq. Regionlararası mexanizmlərdən, habelə özəl-dövlət tərəfdaşlığı potensialından maksimum səmərəli istifadə olunacağına ümid bəsləyirik. Varisi olduğumuz ümumi dil, təhsil və mədəni məkanın möhkəmlənməsini önə çəkməklə humanitar sahədə qarşılıqlı fəaliyyət daimi prioritet olaraq qalmaqdadır. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən birgə layihə - Bakı Beynəlxalq Humanitar Forumu dünyada geniş tanınan lazımlı məkana çevrilib.

Q.Karasinin fikrincə, bugünkü ikitərəfli münasibətlər möhkəm təməl üzərində qurulub. Regionlar, idarələr, ilk növbədə daim əlaqə saxlayan dövlət başçılarımız Vladimir Putin və İlham Əliyev arasında qarşılıqlı etimada əsaslanan səmimi münasibətlər yaranıb, parlamentlərarası əlaqələr dinamik inkişaf edir, xarici siyasət idarələrinin başçıları müntəzəm görüşürlər. Q.Karasin qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ATƏT-in Minsk qrupu, Xəzəryanı beş ölkə, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və BMT çərçivəsində səmərəli dialoq mövcuddur. Ruriya xarici işlər nazirinin müavini deyib: “Bu il Azərbaycanın Baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın sədri Yaqub Eyyubovun, Azərbaycanın səfiri Polad Bülbüloğlunun ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsinə şəxsi töhfələri layiqincə qeyd edilib. Rusiyada bizim ümumi gələcəyimizə ürəkdən inanırlar, cənub qonşumuzu çiçəklənən və geniş əməkdaşlığa açıq olan ölkə kimi görmək istəyirlər”.

Tədbirdə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, iki ölkə ictimaiyyətinin nümayəndələri, siyasətçilər, mədəniyyət xadimləri iştirak ediblər.
Diaspora