Azərbaycanın Türkiyədəki səfirliyi 28 May - Respublika Günü münasibəti ilə Ankara şəhərində rəsmi qəbul təşkil edib.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, Mərasimdə Türkiyə Respublikası Baş nazirinin müavini Tuğrul Türkeş, iqtisadiyyat naziri Nihat Zeybekci, nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Böyük Millət Məclisinin sabiq sədri İsmet Sezqin, Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Galib Mendi ilə birgə 30 general, Türkiyə XİN-in yüksək vəzifəli rəsmiləri, çox sayda QHT və siyasi partiyaların təmsilçiləri, diplomatik nümayəndəliklərin rəhbərləri, Ankarada təhsil alan azərbaycanlı tələbələr, diaspor və KİV nümayəndələri iştirak ediblər. Mərasim keçirilən salona müxtəlif qurumlardan çoxsaylı əklil və çələnglər göndərilib.Geniş tərkibli möhtəşəm tədbir iki qardaş xalqın xilaskar liderləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Sonra Azərbaycan və Türkiyənin dövlət himnlərin səsləndirilib.
Mərasimi giriş sözü ilə açan səfir Faiq Bağırov ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən inkişaf strategiyası sayəsində Azərbaycanın əldə etdiyi müvəffəqiyyətlərin beynəlxalq aləmdə ölkəmizi qabaqcıl bir dövlət kimi ön sıralara çıxardığını diqqətə çatdırıb. Səfir vurğulayıb ki, Ulu Öndərimizin “Bir millət, iki dövlət” kəlamı əsasında sağlam təməllərə söykənən Azərbaycan - Türkiyə münasibətləri daha da möhkəmlənib və ölkələrimizin ortaq iradəsini nümayiş etdirən bir çox irimiqyaslı layihələrin reallaşmasını təmin olunub.
Türkiyə Respublikası Baş nazirinin müavini Tuğrul Türkeş çıxışında iki qardaş ölkənin əlaqələrinin əhəmiyyətinə diqqət çəkərək, Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu bildirib. Türkiyədə 2016-cı ilin martında törədilmiş terror aktından sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya səfər etdiyini xatırladan T.Türkeş bu səfəri Azərbaycan tərəfindən nümayiş edilən həmrəyliyin daha bir bariz nümunəsi kimi dəyərləndirib.
Mərasim ziyafətlə davam edib.
İştirakçılara "İrs-Miras" və "Diplo Atlas" jurnalları, türk dilində nəşr olunan "Heydər Əliyev" və "İlham Əliyev" kitabları hədiyyə olunub.