Prezident İlham Əliyev Azərbaycanda Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş üzrə podratçılara məxsus olan iştirak paylarının onlar tərəfindən satılması niyyətini, beynəlxalq təcrübəyə uyğun şəkildə aparılmış qiymətləndirmə nəticəsində həmin payların əldə olunmasının iqtisadi səmərəliliyinin təsdiq olunduğunu, yuxarıda adıçəkilən yataqların daha səmərəli idarə edilməsinin zəruriliyini, qeyri-neft sənayesinin, o cümlədən, metallurgiya sahəsinin kompleks inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəfləri, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifini nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb ki, saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınması ilə bağlı zəruri tədbirlər görsünlər və görülən tədbirlərin nəticələri haqqında Azərbaycan Prezidentinə məlumat versinlər.İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və "AzerGold" QSC ilə birlikdə saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının Cəmiyyət tərəfindən alınmasının maliyyələşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sərəncamda nəzərdə tutulmuş alqı-satqı baş tutduqdan sonra sazişin 26.6-cı maddəsinə uyğun olaraq sazişə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı zəruri tədbirlər görəcək.
"AzerGold" QSC-yə tapşırılıb ki, bu sərəncamda nəzərdə tutulmuş alqı-satqı baş tutduqdan sonra Azərbaycanda Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və səmərəli idarə olunmasını təmin etsin.