“Mayın 16-da Azərbaycan və Ermənistan prezidentləri və ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin Vyana görüşündən sonra Ermənistan rəhbərliyi və xarici işlər naziri elementar diplomatik etikaya sığmayan şəkildə görüşün mahiyyətini təhrif etməyə yönəlmiş söz yarışındadır”.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın “Azadlıq” radiosuna müsahibəsini şərh edərkən deyib.Onun sözlərinə görə, münaqişənin həlli üzrə ciddi və konstruktiv danışıqlara başlamağa zəmin yaratmaq üçün Azərbaycan Vyana görüşündə atəşkəs rejiminə dair müsbət mövqeyini bildirib: “Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul olunur ki, münaqişənin həlli üzrə hərtərəfli prosesin tərkib hissəsi kimi qəbuledilməz və qeyri-davamlı olan status-kvo dəyişdirilməli, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Zahirən belə təəssürat yaranır ki, Ermənistan xarici işlər naziri ya Vyana görüşünün mahiyyətini başa düşməyib, ya da qəsdən özünü bilməmizliyə vurur. Təsadüfi deyildir ki, Vyana görüşündən sonra əsasən daxili tələbata yönəlmiş cəfəng açıqlamalar yarışında olan Ermənistan xarici işlər naziri Vyana görüşünün əsas qayəsi olan hərtərəfli sülh prosesinin başlanmasına bir dəfə belə toxunmayıb. Rəsmi Yerevan yenə də hər vəchlə iyun ayında münaqişənin həlli üzrə hərtərəfli siyasi prosesə başlamağa mane olmağa yönəlmiş destruktiv siyasət yürütməklə məşğuldur. Xalqı sülhə hazırlamaq əvəzinə Ermənistan rəhbərliyi nifrət və şovinizm ritorikasını daha da gücləndirir”.
Hikmət Hacıyev qeyd edib ki, Vyana görüşündən sonra Rusiya xarici işlər naziri Serqey Lavrovun açıqlamasına münasibət bildirən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov vurğulamışdı: “Vyanada Keçirilmiş danışıqlar münaqişənin həllinə dair bəlli olan mərhələli yanaşma əsasında substantiv danışıqlara başlamaq üçün yaxşı imkanlar yaradır. Bu danışıqlar mümkün olan ən tez bir zamanda başlamalı və regionun əhalisi və beynəlxalq ictimaiyyətin çoxdan gözlədiyi əsaslı nəticələr hasil edilməlidir”.