Belarus Azərbaycanla iqtisadi əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

Belarus Azərbaycanla iqtisadi əməkdaşlığı möhkəmləndirmək niyyətindədir backend

“Hazırda Belarus və Azərbaycan bütün sahələrdə əməkdaşlığın çox yüksək səviyyəsinə çatıblar.

Ölkələrimiz arasında iqtisadi əlaqələr buna əyani nümunədir”.

Qaziler.az bildirir ki, bunu AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən X Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində ölkəsinin nümayəndə heyətinə başçılıq edən Belarus Baş nazirinin müavini Mixail Rusıy deyib.

M.Rusıy Azərbaycan paytaxtına səfərin məqsədinin sərgidə iştirakla yanaşı, Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı dövlət başçılarının göstərişlərinin icrasına dair danışıqlar prosesi olduğunu bildirib.

Baş nazirin müavini deyib: “Belarus Azərbaycanla iqtisadi əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Əlaqələrimizin ticarətdən keyfiyyətcə yeni səviyyəyə, birgə müəssisələrin yaradılmasına keçməsi vacibdir”.

Mixail Rusıyın sözlərinə görə, birgə müəssisələrin və yeni iş yerlərinin yaradılması üzrə fəaliyyət proqramları var. Bundan əlavə, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasına dair lazımi addımlar atılır.

Belarus nümayəndə heyətinin rəhbəri deyib: “Mən Bakıda təşkil edilən ilk analoji sərgini xatırlayıram. Bu gün onuncu yubiley sərgisində gördüyümüz Azərbaycanda kənd təsərrüfatının necə inkişaf etdiyini nümayiş etdirir”.

Baş nazirin müavininin fikrincə, bu nailiyyətlər Azərbaycanın indiki rəhbərliyinin yürütdüyü siyasi kursun və strategiyanın düzgün seçimindən xəbər verir. Kənd təsərrüfatı sahəsində uğurlar ərzaq təhlükəsizliyi və ixrac potensialının, həyata keçirilməsi sayəsində mümkün olur və bu, iqtisadi baxımdan da sərfəlidir.

Belaruslu qonaq deyib: “Biz istər kiçik təsərrüfatların, istərsə də iri əmtəə istehsalı, eləcə də kadrların, mütəxəssislərin hazırlanması baxımından azərbaycanlı həmkarlarımızla öz təcrübəmizi bölüşməyə hazırıq”.

Belarus Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib: “Bakıda olarkən bura gəlməməyə heç bir mənəvi haqqımız yoxdur. Biz Heydər Əliyevin, Azərbaycan, Azərbaycan xalqı, hamımız üçün çox işlər görmüş insanın xatirəsini yad etmək istəyirik. O, digər ölkələrə qarşı, o cümlədən Belarusa münasibətdə sülhsevər siyasət aparan müasir Azərbaycanın yaradıcısıdır. Sevindirici haldır ki, bu dostluq, etibar və hörmət ənənələri dövlətinizdə saxlanılır. Buna görə Azərbaycana, onun xalqına və rəhbərliyinə minnətdarıq”.
Diaspora