Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan 4 gün sonra Vyanada görüşə bilər. APA “İnterfaks”a istinadla yazıb ki, prezidentlərin görüşünün mayın 16-na təyin olunacağı istisna edilmir.
Hələlik tərəflərin rəsmi mənbələri prezidentlərin mümkün görüşü barədə şərh verməyib.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı az öncə yaydığı bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin görüş vaxtının çatdığı bildirilmişdi:
“Münaqişə zonasında zorakılığın və gərginliyin artması prezidentlərin təcili olaraq görüşməsinin vaxtı çatdığını göstərir. Bizim xarici işlər nazirlərimiz bu görüşün gələn həftə Vyanada keçirilməsinə yardım etməyə hazırdırlar. Onların əsas məqsədi danışıqları yenidən başlamaq üçün əlverişli şərtləri müzakirə etmək, atəşkəs rejimini möhkəmləndirmək və etimadın bərpa edilməsi üçün razılığın əldə olunmasıdır. Əgər zorakılıq davam edərsə, danışıqlarda heç bir müvəffəqiyyət ola bilməz. Həmçinin, danışıqlar prosesi olmadan heç bir sülh əldə edilə bilməz. Biz təkrar edirik ki, münaqişənin həllində hərbi yol yoxdur”, - deyə bəyanatda qeyd olunurdu.