Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib QAZILER.AZ AzərTAc-a istinadən məlumatına görə, dünən Mahaçqala şəhərində Əziz Əliyevin abidəsinin təntənəli açılışını və bununla bağlı Dağıstan Respublikasının başçısının şəxsən qərar qəbul etməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu təntənəli mərasimdə Azərbaycanın böyük nümayəndə heyətinin iştirak etdiyini vurğulayıb.
Əziz Əliyevin Azərbaycanın, Dağıstanın görkəmli dövlət xadimi olduğunu qeyd edən dövlət başçısı bir ölkə başçısı, eyni zamanda, Əziz Əliyevin nəvəsi kimi, dağıstanlıların onu daim yaddaşlarında saxlamalarının, xatirəsinə hörmətlə yanaşmalarının, Dağıstanın inkişafı və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirmələrinin onun üçün ikiqat xoş olduğunu deyib və bu cür xoş ənənələrin bu gün Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin, o cümlədən Dağıstanla Azərbaycan əməkdaşlığının inkişafında önəmli faktorlardan biri olduğunu qeyd edib.Prezident İlham Əliyev “Əziz Əliyev və Dağıstan” adlı kitaba, Əziz Əliyevin Dağıstan və Azərbaycan qarşısındakı xidmətlərinin, Böyük Vətən Müharibəsi illərində göstərdiyi fəaliyyətin işıqlandırılmasına görə Dağıstan Respublikası başçısına təşəkkürünü bildirib.
Dövləti başçısı sonda vurğulayıb ki, bu gün həm də Azərbaycanda Dağıstan mədəniyyət günləri başlanır və bu, Azərbaycan üçün önəmli bir hadisədir: “ Dağıstan həmişə bizim üçün dərin tarixi tellərlə bir-birimizə bağlı olan qardaşlarımızın yaşadığı bir doğma diyar olub və olacaq. Azərbaycanla Dağıstan arasında qardaşlıq telləri bu gün Rusiya ilə Azərbaycan arasında hər iki tərəfin strateji əlaqələr kimi xarakterizə etdiyi ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayır”.
Dövlət başçısı Ramazan Abdulatipovun rəhbərliyi ilə Dağıstanda bu gün həyata keçirilən inkişaf proseslərinin, mövcud sabit ictimai-siyasi vəziyyətini yüksək qiymətləndirib və əldə edilən böyük uğurlar münasibətilə təbriklərini çatdırıb.
R. Abdulatipov isə öz çıxışında “Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əsasının Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulduğunu deyib: “ Siz bu gün müasir Azərbaycanın rəhbəri kimi ölkələr arasında strateji əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilməsi siyasətini davam etdirirsiniz. Vladimir Putin hələ 2001-ci ildə Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyətini qeyd edərkən ölkələrin inkişafında regionlararası əməkdaşlığın rolunu vurğulayıb. Mənim bu səfərim də həmin baxışlara əsaslanır və biz Azərbaycanla əməkdaşlığı inkişaf etdiririk. Biz dünən Rusiyanın, Sovetlər İttifaqının, Azərbaycanın və Dağıstanın böyük dövlət xadimi Əziz Əliyevin abidəsinin açılışını bayram etdik. Əziz Əliyev dəfələrlə demişdi ki, biz bir xalqıq və doğrudan da minillik tarixi əlaqələrimizin ümumi kökləri, çox yaxın mədəniyyətləri və ənənələri vardır. Bundan başqa, biz 200 ildən artıqdır ki, rus xalqı ilə bağlıyıq”.
Görüş zamanı əməkdaşlığın müxtəlif sahələrdə perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.