“Rumıniya Azərbaycanın müstəqilliyini ikinci tanıyan ölkə kimi Azərbaycanı Şimali Atlantika Alyansı üçün vacib və qiymətli tərəfdaş hesab edir”.
APA-nın məlumatına görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Azərbaycanda rezident-əlaqələndiricisi Daniel Kristian Çiobanu “NATO-Azərbaycan əlaqələri: 2014-cü il Uels sammitindən sonra əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən tədbirdə deyib.O bildirib ki, NATO ilə Azərbaycan arasında əlaqələr inkişaf edir və strateji dəyərə malikdir: “Siyasi dialoq geniş sahələri əhatə edir və tez-tez yüksək səviyyədə baş tutur. NATO ilə Azərbaycan demokratik, institutusional və müdafiə islahatları sahələrində aktiv əməkdaşlıq edir və bir çox sahələrdə praktik əməkdaşlığı inkişaf etdirir. NATO Azərbaycana silahlı qüvvələrini müasirləşdirmək və treninqlər keçirmək sahələrində köməklik göstərir. Azərbaycanın Əfqanıstanla bağlı “Qəti dəstək” missiyasında iştirakı NATO ilə Azərbaycan arasında praktik əməkdaşlığa və Azərbaycan hökumətinin regionda təhlükəsizliyin təmin olunması fikrinə sadiq olmasına dair bir sübutdur. 1998-ci ildən 2008-ci ilə kimi Azərbaycan həmçinin Kosovada NATO əməliyyatlarında iştirak edib”.
Səfirin sözlərinə görə, Rumıniya hesab edir ki, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının 4-cü fazası NATO ilə Azərbaycan əlaqələrinin gələcəkdə inkişafına təkan verəcək: “NATO ilə Azərbaycan arasında sıx əməkdaşlıq Qara dəniz-Xəzər dənizi ərazisində stabillik və təhlükəsizliyin təmin olunması baxımından faydalıdır və enerji layihələrinin, bu kimi təşəbbüslərin sürətlə inkişafına imkan yaradır. NATO və Avropa İttifaqının üzvü kimi Rumıniya Azərbaycanın Avropa və Avroatlantik institutlarla əməkdaşlığını inkişaf etdirmək istiqamətindəki səylərini aktiv şəkildə dəstəkləməkdə davam edəcək”.