Prezident İlham Əliyev Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbriki olduğu kimi təqdim edirik. "Hörmətli həmvətənlər! Sizi əziz Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı, səadət və uğurlar arzulayıram.
Novruz bayramı mənşəyini uzaq keçmişimizin ən dərin qatlarından alıb Azərbaycan xalqının mənəviyyat aləminin zənginliyini günümüzədək layiqincə yaşadır. Tanrının misilsiz hikmətlə yaratdığı təbiətə sonsuz sevgi və yüksək ehtiramın parlaq təzahürü olan bu bayramda ulu babalarımızın minilliklərin sınağından çıxmış həyat fəlsəfəsi dolğun təcəssümünü tapmışdır. Odlar diyarını sivilizasiyaların qovuşuğundakı qədim mərkəz olaraq tanıdıb şöhrətləndirmiş mədəni sərvətlər xəzinəmizdə Novruz mərasimləri müstəsna mövqeyə malikdir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı Bahar bayramının dünya irsinin şah əsərləri sırasında olması hər bir azərbaycanlıya qürur verir.Yaz bayramı özündə qoruyub saxladığı misilsiz mənəvi qüvvət sayəsində tariximizin ən çətin və mürəkkəb dövrlərində belə gələcəyə nikbin baxmağımızı təmin etmişdir. Ötən əsrin sonlarına doğru müstəqil dövlətçilik idealımıza yenidən qovuşduqdan sonra o, rəsmi milli bayram statusunu qazanmışdır. Builki Novruz bayramını Birinci Avropa Oyunları ərəfəsində qeyd edirik. Yeniləşən, müasirləşən Azərbaycan müxtəlif ölkələrdən çoxsaylı iştirakçıları Novruz günlərində xüsusən aydın ifadəsini tapan ənənələrimizə uyğun böyük qonaqpərvərliklə qəbul etməyə hazırlaşır. Ümidvaram ki, xalqımıza xas ürək açıqlığı bu Oyunları mühüm idman və mədəniyyət bayramına çevirəcək, onun insanların yaddaşlarında unudulmaz hadisə kimi həkk olunmasına xidmət göstərəcəkdir.
Novruz bayramını ölkəmizin hüdudlarından uzaqlarda bütün soydaşlarımız azərbaycançılıq məfkurəsi işığında bizimlə birgə qarşılayırlar. Bu ümumxalq bayramı qoy hər ocağa, hər ailəyə bol sevinc, firavanlıq və ruzi-bərəkət bəxş eləsin.
Novruz bayramınız mübarək olsun!"