Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya ilə münasibətlərinin normallaşmasından danışıb. Baş nazir “Al Jazeera”yə müsahibəsində deyib ki, Rusiya və Türkiyənin bir -birinə hər zaman ehtiyacı var.
"Türkiyə və Rusiya tarixən qonşu dövlətlər olub. Bu gün də regionun iki önəmli ölkəsi olaraq qalır. İki ölkənin bir- birinə ehtiyacı var. Təyyarə qalmaqalı Rusiyaya yönəlməmişdi. Ora Suriya torpaqlarıdır. Qırıcının hansı ölkəyə məxsus olması da bilinmirdi. Biz torpağımızı və hava sərhəddimizi qorumaq haqqına sahibik”,-deyə Davudoğlu bildirib.O, qeyd edib ki, Rusiya qırıcının vurulmasını ona qarşı atılan bir addım kimi qəbul etdi. Amma bu belə deyil. "Qırıcı bizim sərhədləri pozmuşdu. Ümid edirik ki, Rusiya bunu anlayacaq. Yenidən Rusiya ilə yaxşı münasibətlər istəyirik. Hətta əvvəlkindən daha yaxşı…”-deyə baş nazir vurğulayıb.
İki ölkə arasında münasibətlər ötən ilin noyabr ayında pozulub. Həmin vaxt Türkiyə sərhədlərini pozan Rusiya qırıcısı Silahlı Qüvvələr tərəfindən vurulub.
Türkiyə tərəfi bunu ölkənin hava məkanının pozulduğu üçün etdiyini desə də, Rusiya tərəfi bu iddiaları rədd edir. Bundan başqa, Rusiya Türkiyənin bu addımını "arxadan vurulan zərbə" adlandırır. Həmin vaxtdan rəsmi Moskva Ankaraya qarşı kəskin sanksiyalar tətbiq etməyə başlayıb.