Azərbaycanın Türkiyədəki səfiri Makedoniyaya səfər edib

Azərbaycanın Türkiyədəki səfiri Makedoniyaya səfər edib backend

Azərbaycanın Türkiyə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov Makedoniya prezidenti cənab Gyorge İvanovun dəvəti əsasında 22-27 yanvar 2015 tarixlərində Makedoniyaya səfər edib.

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, Makedoniya prezidenti tərəfindən bu ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri üçün təşkil olunmuş rəsmi qəbula qatılan səfir F.Bağırov prezident G.İvanov ilə görüşüb. Görüş zamanı səf F.Bağırov Azərbaycan prezidenti cənab İlham Əliyevin salamlarını və ən xoş arzularını qarşı tərəfə çatdırmışdır. Azərbaycan ilə Makedoniya arasında mövcud olan dostluq münasibətlərinin daha da gücləndirilməsi, eləcə də iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün lazımi təşəbbüslərin göstərildiyini qeyd edib. Prezident G.İvanov Azərbaycan ilə Makedoniya arasındakı dostluq münasibətlərinin, ikitərəfli əməkdaşlığın inkişafının bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəyini bildirib.

Səfər çərçivəsində Makedoniya prezidenti kabinetinin xarici məsələlər üzrə dövlət müşaviri Darko Kostadinovski ilə görüş keçirilib. Görüş zamanı Makedoniya prezidentinin cari ilin aprel ayında Bakıya nəzərdə tutulmuş səfəri, eləcə də qarşılıqlı olaraq ali səviyyəli səfərlərin reallaşdırılması imkanları müzakirə edilib. Daha sonra Makedoniya xarici işlər nazirliyinin qeyri-Avropa ölkələri ilə ikitərəfli əlaqələr idarəsinin rəisi Osvit Rosokliya və həmin nazirliyin diplomatik protokol idarəsinin rəis müavini Hriste Koteski ilə görüşlər keçirilib. Görüşdə ikitərəfli hüquqi bazanın təkmilləşdirilməsi, iqtisadi əməkdaşlıq, sərmayələrin cəlb olunması, yüksək səviyyəli və xarici işlər nazirləri səviyyəsində səfərlərinin təşkili, mədəniyyət sahəsində mübadilə, parlamentlərarası əməkdaşlıq, XİN-lərarası siyasi məsləhətləşmələrin keçirilməsinə dair məsələlər müzakirə olunub.
Səfir F.Bağırov həmçinin, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat və materialları qarşı tərəfin diqqətinə çatdırıb. Qeyd olunanlardan əlavə, səfər zamanı Makedoniyanın iqtisadiyyat naziri Bekim Neziri ilə görüş keçirilib. Görüş zamanı makedoniyalı nazir ölkəsində xarici sərmayələrinin cəlb edilməsi və bu sərmayələrin qorunması üçün böyük imkanlar olduğunu, Makedoniyanın xarici sərmayələr üçün böyük fürsətlər yarada biləcəyini vurğulayıb. Nazir həmçinin, Makedoniyanın Azərbaycanla iqtisadi sahədə, xüsusilə də, enerji sektorunda əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırıb. F.Bağırov öz növbəsində Azərbaycanın müxtəlif sahələrdə sürətli inkişaf etdiyini qarşı tərəfin diqqətinə çatdıraraq, Azərbaycan ilə Makedoniya arasında iqtisadi əməkdaşlığın, o cümlədən qeyri-neft sektorunda işbirliyinin gücləndirilməsinin əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Səfər zamanı Makedoniya prezidentinin kabineti tərəfindən müvafiq mədəniyyət proqramı təşkil edilib. Makedoniyanın Kruşevo şəhərinin tarixi və mədəniyyət abidələrini ziyarət proqram çərçivəsinə daxil olub.
Diaspora