Qənirə Paşayeva köçkün Suriya türkmənləri ilə görüşüb -FOTOLAR

Qənirə Paşayeva köçkün Suriya türkmənləri ilə görüşüb -FOTOLAR backend

Millət vəkili Qənirə Paşayeva Türkiyə-Suriya sərhədində Hatayda Suriyadan köçkün düşmüş soydaşlarımızla, türkmənlərlə görüşüb. Lent.az-ın məlumatına görə, zülm və əziyyətdən qaçmış Suriya türkmənləri onlarla görüş zamanı millət vəkilinə Suriyadan İŞİD zülmündən zorla canlarını qurtara bildiklərini, hər şeylərini orada qoyub gəldiklərini deyiblər. Yaşadıqları dəhşətləri anladan Suriyadan köçkün düşmüş türkmənlər ciddi dəstəyə ehtiyacları olduqlarını bildiriblər. Köçkün düşmüş türkmənlər bütün Türk dünyasından siyasi, mənəvi və maddi dəstək gözlədiklərini deyiblər.


Q. Paşayeva onunla bərabər görüşdə iştirak edən Hatay, Dörd Yol bələdiyyə başqana müraciət edərək türkmən qardaş-bacılarımıza dəstəyi daha da artırmalarını xahiş edib. Hatay, Dörd Yol bələdiyyə başqanı dəstəyi artıracaqlarını bildirib və elə yerindəcə bələdiyyə işçilərinə bu istiqamətdə tapşırıqlar verib və 2 gün içində köçkün düşmüş türkmən ailələrlə bağlı, onların iştirakı ilə bütün problemlərinin müzakirə olunacağı toplantının çağırılması təlimatını verib.



Köçkün düşmüş Suriya türkmənləri üzləşdikləri ciddi problemlər, vəziyyətin daha da pisləşməsi, çoxlu sayda türkmən soydaşlarımızın öz evindən köçkün düşməsi, öz həyatını itirməsi, beynəlxalq təşkilatların və ictimaiyyətin onların vəziyyətinə biganə münasibəti, bütün türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözləmələrindən danışıblar.



Suriya türkmənlərinin vəziyyəti ilə bağlı bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasında və son günlərdə bəzi beynəlxalq tədbirlərdə çıxış edən Q. Paşayeva beynəlxalq təşkilatları, BMT, ATƏT-i və beynəlxalq ictimaiyyətin Suriya türkmənlərin vəziyyətinə və baş verənlərə biganə, laqeyd münasibətini kəskin qınayıb. O, bildirib ki, TÜRK PA və İslam Konfransı Təşkilatı bu məsələdə daha da fəal rol oynayaraq Suriya türkmənlərinə ciddi dəstək istiqamətində addımları artırmalıdır.
Diaspora