Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun. Report-un xəbərinə görə, bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində keçirilən tədbirdə deyib.
Mehriban Əliyeva bildirib ki, Azərbaycan tarixi torpaq olmaqla yanaşı, BMT-nin ən gənc üzvüdür:
“Ölkəmiz 1992-ci ildə BMT-nin tamhüquqlu üzvü oldu. 25 ildə Azərbaycan xeyli inkişaf edib, dünyaya inteqrasiya edib. Elm, təhsil sahəsində islahatlar aparılıb. Qeyd etmək lazımdır ki, xalqımız böyük çətinliklərlə üzləşməsinə baxmayaraq, inkişaf edib. Azərbaycan BMT-yə üzv olarkən 5 il idi ki, Ermənistan-Azərbaycan münaqişəsi davam edirdi. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bizə xeyli ziyan dəyib, mədəniyyət abidələri dağıdılıb, şəhərlər yerlə-yeksan edilib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamələr qəbul edib”.
Azərbaycanın birinci xanımı qeyd edib ki, Azərbaycanda çadır düşərgələri ləğv edilib, orada yaşayan məcburi köçkünlər mənzillərlə təmin edilib: “Amma nə qədər yaxşı şərait yaradılsa da, həmin insanlar öz doğma yurdlarına qayıtmaq istəyirlər, yaşlı insanlar öz torpaqlarını görməyə can atırlar. Qarabağ, Suriya, Əfqanıstan məcburi köçkünləri xeyli əziyyət çəkirlər. Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun”.
O, Heydər Əliyev Fondunun gördüyü işlərlə bağlı məlumat verib.
Mehriban Əliyeva həmçinin vurğulayıb ki, Azərbaycan çoxmillətli dövlətdir, ölkədə tolerantlıq mövcuddur: "Əhalimizin əksər hissəsinin müsəlman olmasına baxmayaraq, digər dinlərə məxsusi nsanlar da sərbəst yaşayırlar”.
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri qeyd edib ki, Azərbaycanda 300-dən çox dini icma var: “Ən mühün nailiyyətlərdən biri Azərbaycan cəmiyyətində tolerantlığın mövcud olmasıdır. Biz gələcəyə nikbin yanaşırıq”. Mehriban Əliyeva Azərbaycanın inkluziv cəmiyyətin yaradılmasında maraqlı olduğunu vurğulayıb.