Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Belarus Respublikası Milli Məclisinin sədri Mixayil Myasnikoviçi qəbul edib. Axar.az xəbər verir ki, Belarus Respublikası Milli Məclisinin sədri Mixayil Myasnikoviç Prezident Aleksandr Lukaşenkonun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.
Dörd il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan Mixayil Myasnikoviç ötən dövr ərzində paytaxtımızda çox böyük dəyişikliklərin baş verdiyinin şahidi olduğunu bildirib.
O, Prezident İlham Əliyevi Azərbaycanın əldə etdiyi uğurlar, müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə qazandığı böyük nailiyyətlər münasibətilə təbrik edib. Mixayil Myasnikoviç Azərbaycanın müxtəlif beynəlxalq miqyaslı mötəbər tədbirlərə, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməsinin önəmini vurğulayıb.
Dövlət başçısı Belarus Respublikasına bir neçə dəfə rəsmi səfər etdiyini və hər dəfə ölkədə inkişafın, tərəqqinin, nizam-intizamın və səmimiyyətin şahidi olduğunu deyib. Son vaxtlar dünyada və Avropada Belarusun roluna və uğurlu inkişafına böyük önəm verildiyini vurğulayan Prezident İlham Əliyev əldə olunmuş bütün bu nailiyyətlər münasibətilə təbriklərini çatdırıb və ölkələrimizin bir-birilərinin uğurlarına sevindiyini deyib. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Belarusun bu cür yüksək səviyyədə təmsil olunmasının əhəmiyyətini vurğulayan dövlət başçısı bunu həm Belarusun Foruma verdiyi önəmin, həm də Azərbaycana göstərdiyi hörmətin göstəricisi kimi dəyərləndirib.
Görüşdə dost və tərəfdaş ölkə olan Belarus ilə ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığımızın münasibətlərimizin inkişafına töhfə verdiyi qeyd edilib.
Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.