ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizə aparan respublikaçılar Ted Kruz və Con Keysik yarışın favoriti Donald Trampa qarşı birləşmək qərarına gəliblər. APA TV-nin məlumatına görə, hər iki namizədin seçki qərargahı analoji bəyanatla çıxış edib.
Bəyanatlarda bildirilir ki, bundan sonra hər iki iddiaçı ilkin seçkilərdə qələbə şanslı olduqları ştatları bir-birinə güzəştə gedəcəklər. Beləliklə, Ted Kruz əsas gücünü İndiana ştatına, Keysik isə Oreqon və Nyu-Meksiko ştatlarına yönəldəcəklər.
Bu strategiya Donald Trampın partiya qurultayına qədər 1237 nümayəndənin dəstəyini qazanmağın qarşısını almağa yönəlib. Partiyanın seçkilərdə namizədinin təsdiqlənməsi üçün iddiaçılardan biri ən azı bu sayda nümayəndənin dəstəyini qazanmalıdır.
Demokratlar arasında isə 51 faiz dəstəyi təmin etmiş Hillari Klinton öndədir. Onun əsas rəqibi, senator Berni Sanders yalnız 44 faiz partiyadaşının dəstəyinə ümid edə bilər.