Onsuz da münaqişələrin çox olduğu müasir dünyamızda ictimai dialoqa və xalq diplomatiyasına, tərəfdaşlar arasında konstruktiv münasibətlərin qorunub saxlanması hesabına sabit iqtisadi inkişafa həmişəkindən qat-qat çox ehtiyac duyulur.
Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan ölkələrin Soçidə keçirilmiş beynəlxalq forumu məhz bu məsələlərə həsr edilib.Xatırladaq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusu haqqında memorandumu 2016-cı ilin mart ayında imzalayıb.
Forumda iştirak edən nümayəndələrin çox geniş tərkibi də bu tədbirdə burada müzakirə olunan problemlərin aktuallığına sübut idi. Postsovet məkanındakı və Asiya-Sakit okean regionundakı 26 ölkənin nümayəndələri yekdilliklə bu qənaətə gəliblər ki, ŞƏT çərçivəsində əməkdaşlıq müasir dövrün çoxsaylı geosiyasi çağırışlarına həqiqətən cavab verə bilər. Axı ŞƏT başqa ölkələrin mənafeləri naminə hər hansı ölkənin öz mənafelərindən imtina etməsini və xüsusən suveren dövlətləri kənardan idarə etmək cəhdlərini nəzərdə tutmur.
ŞƏT üzvü olan ölkələr arasında əməkdaşlığın yüksək səviyyədə olduğu sahələr az deyil. Belə sahələrdən biri də müasir dünyanın əsl bəlasına çevrilmiş terrorizmə qarşı mübarizədir. Burada ekstremizmin yayılmasının qarşısını almaq üçün Rusiya və Azərbaycanın birgə iş təcrübəsi xüsusilə əlamətdardır. Azərbaycan ardıcıl olaraq dini tolerantlıq, bütün millətlər və dinlər arasında qarşılıqlı hörmətə əsaslanan dinc münasibətlər yaradılması siyasətini həyata keçirir. Rusiya da uzun illər boyu həmin istiqamətdə iş aparır. İki ölkənin xalqları arasında mehriban qonşuluq münasibətləri, bütün əlaqədar xidmətlərin daimi əlaqələri hər iki ölkədə müxtəlif fanatiklərin əməllərindən, İŞİD tərəfdarlarının insanları öz sıralarına cəlb etmək cəhdlərindən qorunmaq sahəsində yaxşı nəticələr verir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov öz çıxışında bu sahədə Rusiya ilə səmərəli qarşılıqlı münasibətləri xüsusi vurğulayıb. Onun fikrincə Azərbaycan !Qazaxıstan, Özbəkistan və Qırğızıstanla çopxdan tərəfdaşlıq münasibətləri yaradıb. Son illərdə Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Çin ilə əlaqələr, ilk növbədə iqtisadi sahədə münasibətlər uğurla inkişaf edir. R.Musabəyov bu fikrini izah edərək deyib: “Biz Çinin “İpək Yolu” layihəsində maraqlıyıq, iqtisadi və kommunikasiya baxımından biz həmin layihənin mühüm komponenti ola bilərik. Asiyada formalaşmaqda olan təhlükəsizlik və əməkdaşlıq arxitekturasının başlanğıc mərhələsində iştirak etmək Azərbaycan üçün də çox vacibdir”.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin fikrincə, ölkələr arasında münasibətlər xalq demokratiyasının inkişafı baxımından da ŞƏT üçün nümunə ola bilər. Rusiyalı deputat deyib: “Hər hansı birləşmə prosesi vətəndaş cəmiyyətinin dəstəyi ilə müşayiət olunmalıdır. Bu dəstək isə yalnız aşağıdan, beynəlmiləlçilik ideyalarını cəmiyyətdə tədricən irəlilətmək yolu ilə təmin edilə bilər. Axı xalqlar arasında dostluq münasibətləri yekunda bir-birinin iqtisadiyyatına qarşılıqlı investisiyalar deməkdir. Rusiyada və Azərbaycanda insanların rifahına xidmət edən çoxsaylı bu cür layihələr həyata keçirilib. Özü də bütün bunlar, ilk növbədə, həm dövlət səviyyəsində, həm də regional səviyyədə humanitar əməkdaşlıq sayəsində mümkün olub. Xalq diplomatiyası, insanlar arasında əlaqələr ölkələrimizi çox səmərəli şəkildə yaxınlaşdırır, diplomatların işini tamamlayır. ŞƏT üzvü olan ölkələr daha səmərəli münasibətlər qurmaq üçün bu təcrübədən istifadə etsələr yaxşıdır. Buna görə də ictimai diplomatiya, vətəndaş cəmiyyəti təsisatlarının qarşılıqlı fəaliyyəti məsələləri Soçi forumunda mərkəzi məsələ olmalıdır”.