Millət vəkili AŞPA-da Avropanı tənqid etdi

Millət vəkili AŞPA-da Avropanı tənqid etdi backend

Qənirə Paşayeva AŞPA-da Avropanın qaçqın və köçkünlər siyasətini tənqid edib. Axar.az xəbər verir ki, AŞPA-da Suriya köçkünlərinin vəziyyəti, üzləşdikləri problemlərlə bağlı üç qətnamə layihəsinin müzakirəsi zamanı Azərbaycan nüməyəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edib.


O bildirib ki, insanları köçkünə çevirən səbəblərə qarşı Avropa, Avropa Şurası, AŞPA və digər qurumlar ciddi mübarizə aparmalıdırlar:

“Mən Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi səbəbindən 1 milyon insanı köçkün düşmüş bir ölkənin təmsilçisiyəm. Ermənistan Azərbaycan torpaqlarını 20 ildən artıqdır ki, işğalda saxlayır və 1 milyon azərbaycanlı bu gün də köçkün həyatı yaşayır. Avropanı dünyada ən çox köçkünün olduğu Türkiyəyə daha çox dəstək göstərməyə çağırıram. Çünki Türkiyənin köçkünlər məsələsində Avropa tərəfindən həm maddi, həm də mənəvi anlamda tək buraxıldığını görürük. Avropa məsuliyyətin bir hissəsini öz üzərinə götürərək dəstəyini artırmalıdır”.

Millət vəkili AŞPA-da azərbaycanlı məcburi köçkünlərin çağırışını səsləndirib:

“Öz evlərindən köçkün düşmüş insanlar Avropanı onları köçkün salan səbəblərlə daha fəal və sərt mübarizəyə çağırır. Səbəblərlə mübarizə güclənməzsə, köçkünlərin sayı azalmayacaq, əksinə, daha da artacaq, problemlər gərginləşəcək. Avropa Şurasını, AŞPA-nı, bütün üzv ölkələri köçkünlərə hər cür yardım etməklə yanaşı, onların öz evlərinə dönə bilməsi istiqamətində daha fəal çalışmağa səsləyirəm”.
Diaspora