Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Mahmud Vaezinin ölkələr arasında dostluq əlaqələrinin inkişafı üçün çox böyük işlər gördüyünü, Azərbaycan xalqı və dövləti tərəfindən bu işlərin yüksək qiymətləndirildiyini deyib. Prezident İlham Əliyev Azərbaycan ilə İran arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni ona təqdim edib.Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə dövlət başçısına minnətdarlığını ifadə edən İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi öz xalqına və öz dinindən olan qonşu Azərbaycan xalqına xidmət etməsindən iftixar hissi duyduğunu vurğulayıb.
Aprelin 20-də Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməlqoyma mərasiminə toxunan dövlət başçısı bunu ötən müddət ərzində görülən işlərin nəticəsi kimi dəyərləndirib və ölkələrarasında əldə olunan bütün razılaşmaların icra edilməsindən məmnun olduğunu deyib. Prezident İlham Əliyev İstanbulda İran İslam Respublikasının Prezident Həsən Ruhani ilə görüşdüyünü və bir daha hər iki tərəfin əlaqələrin inkişafı ilə bağlı görüləcək işləri müzakirə etdiklərini vurğulayıb. Dövlət başçısı İrana səfərini də məmnunluqla xatırlayıb.
Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi İran prezidenti Həsən Ruhaninin səmimi salamlarını dövlət başçısına çatdırıb. Mahmud Vaezi bildirib ki, ölkəsinin dövlət başçısı prezident İlham Əliyev ilə İstanbuldakı görüşünü böyük razılıq hissi ilə xatırlayır. O, dövlət başçılarının rəhbərliyi ilə ölkələr arasında əlaqələrin ikitərəfli və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdirildiyini vurğulayıb.
Dövlət başçısı prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran prezidentinə çatdırmağı xahiş edib.